"Prezident İlham Əliyev AzTV-yə verdiyi müsahibədə qəzanın baş verməsi ilə bağlı çox aydın və ünvanlı fikirlər ifadə etdi".
Bunu Kriminal.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Prezidentin qeyd etdiyi kimi təyyarə qəzaya uğrayandan sonra keçən 3 gündə Rusiya tərəfi məsələni ört-basdır etməyə çalışıb:
"Təbii ki, dost bir ölkənin belə yanaşması başa düşülən deyildi. Çünki, biz bilirik ki, təyyarəmiz düşünülmüş şəkildə vurulmayıb. Amma vurulandan və radar sitemləri iflic ediləndən sonra idarəetməni itirmiş təyyarənin yaxın hava limanına yönləndirilməməsi və ya da qəbul edilməməsi çoxlu suallar doğurur. Təyyarəyə vizual baxış keçiriləndə xarici fiziki müdaxilə olduğunu deməyə heç bir şübhə qalmır. Amma təəssüf ki, Rusiya öz səhvini etiraf etmək və Azərbaycandan üzr istəmək əvəzinə müxtəlif çaşdırıcı açıqlamalarla qəzanın baş verməsinin əsl mahiyyətindən uzaqlaşmağa çalışırdı. Bu, onu deməyimizə imkan verir ki, ilk üç gündə Rusiya təyyarə qəzasını gizlətməyə çalışdı.
"Amma Prezident İlham Əliyevin qətiyyətli tələbləri sayəsində məsələ beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırılmağa başlandı. Dövlət başçımız müsahibədə Rusiyadan hansı tələblərimiz varsa, açıq şəkildə bildirdi. Belə ki, Rusiyanın üzr istəməsi birinci tələbimiz idi ki, Putinin dövlət başçımıza zəngində üzrxahlıq ifadə olundu. Təbii ki, bu üzrxahlıq təyyarənin qəzaya uğramasında Rusiyanın müdaxiləsinin nəticəsində baş verdiyinin etiraf edilməsi idi. Prezident təyyarəmizin radar siteminin iflic edilməsində, atəşin açılmasında səhvə yol verənlərin və ehtiyat hava limanına yönləndirməyənlərin məsuliyyət daşıdığını bildirərək onların cəzalandırılması tələblərimiz olduğunu bildirdi. Digər bir tələb isə Azərbaycana və zərərçəkənlərə təzminatların ödənilməsi ilə bağlıdır. Dövlət başçımızın müsahibədə qeyd etdiyi tələblər beynəlxalq normalara uyğundur və belə hallar baş verəndə cavabdeh tərəfin görməli olduğu qaydalardır. Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı Rusiyadan gözlədiyimiz məsələlərin təmin edilməsində israrlıdır. Sadəcə "qara qutu"nun açılmasından və istintaq prosesinin başa çatmasından sonra bütün cinayət əməlləri aydın olacaq. Rusiyanın qəza ilə bağlı qaldırdığımız bütün tələbləri icra edəcəyini və Cənubi Qafqazın aparıcı dövləti və müttəfiqi olan ölkəmizin suveren hüquqlarına hörmətlə yanaşacağını hesab edirəm", - deyə deputat əlavə edib.
Deputat Sahib Alıyev də Kriminal.Az-a açıqlamasında diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə bir çox baxımdan böyük əhəmiyyət kəsb edirdi:
"Birincisi, Azərbaycan xalqı gördü ki, onun Prezidenti həmişə açıq siyasət aparır, həmişə ədalətli siyasət aparır və qarşısındakının kim olmasından asılı olmayaraq Azərbaycan dövlətinin prestijini ləyaqətlə qorumaq əzmindədir, Azərbaycan vətəndaşının qanının yerdə qalması ilə heç vaxt barışmır və barışmayacaq. Ölkə başçısı bir daha sübut etdi ki, bütün hallarda qarşısındakının kim olmasından asılı olmayaraq Azərbaycanın milli maraqlarından çıxış edir.
İndiki halda da Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadakı bəzi çevrələrin Azərbaycanın sərnişin təyyarəsinin onların hava məkanında vurulmasından sonra atdıqları addımı dəqiq qiymətləndirdi. Bu müsahibə ilə göstərdi ki, təyyarənin vurulması qəsdlə baş verməyib. Amma onun idarəetmə sisteminin radioelektron təsir vasitəsilə sıradan çıxarılması və yaxınlıqdakı hava limanlarının heç birinə enişinə icazə verilməməsi, Xəzər üzərindən Aktauya göndərilməsi çox məkrli məqsəd daşıyıb. Burada məqsəd təyyarəni dənizdə batırıb izi itirmək olub ki, bu da heç cür bağışlana bilməz. Buna görə Azərbaycandan təkcə üzr istənilməməli, eyni zamanda bu cinayəti törədənlər cəzalandırılmalı və kompensasiya ödənilməlidir. Məhz bu cür qərarlı bir mövqe ortaya qoymanın nəticəsidir ki, qardaş Qazaxıstan dövləti də Azərbaycanın istəyinə uyğun hərəkət etdi", - deyə deputat əlavə edib.
Müsahibimiz sonda dövlət başçısının ekipaj heyətinin 3 üzvünə ölümlərindən sonra Milli Qəhrəman adı, sağ qalan iki ekipaj üzvünü isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif etməsini xatırladıb:
"Onlar bu cür peşəkar, fədakarcasına davranışları ilə sərnişinlərin yarısının həyatını, həm də həqiqəti xilas etdilər. İmkan vermədilər ki, onları dəniz üzərindən Aktauya göndərənlərin məkrli niyyətləri baş tutsun və Azərbaycan təyyarəsini vurulmasının izi itirilsin. Burada ən mühüm məqamlardan biri də bu oldu ki, Prezident bu sərəncamı ilə göstərdi ki, Milli Qəhrəmanlar öz vəzifə borcunu şərəflə, ləyaqətlə, vicdanla, fədakarlıqla yerinə yetirən istənilən sahənin təmsilçiləri arasından çıxa bilər".
Mərahim Nəsib