kriminal.az
Türkiyə üçün yeni mərhələ - PKK terror təşkilatı ləğv edilir?

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının oktyabr ayında terror təşkilatı PKK-nın ləğvi ilə bağlı "Terror təşkilatının rəhbəri silahı yerə qoyduğunu bəyan etməlidir. Terrorçu liderin təcrid olunması aradan qaldırılsa, Türkiyə Böyük Millət Məclisində Xalqların Bərabərlik və Demokratiya (DEM) Partiyası qrup toplantısında terrorun sona çatdığını və təşkilatın ləğv olunduğunu bəyan etməlidir" çağırışından sonra, indi də DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüb. Abdullah Öcalan "Türk-kürd qardaşlığının möhkəmləndirilməsi bütün xalqlar üçün həlledici əhəmiyyət kəsb edir. Türkiyədə siyasi dairələrin məhdud hesablamalardan uzaq durub prosesə konstruktiv və müsbət töhfələr verməsi vacibdir. Türkiyə Böyük Millət Məclisi bu töhfələr üçün ən mühüm zəmin olacaq. Qəzza və Suriya hadisələri xarici müdaxilələrlə dərinləşən problemlərin həll olunmazlığını ortaya qoydu" - kimi mesajlar verib, DEM Partiyası da Öcalanın təklif və qiymətləndirmələrinin həm dövlət, həm də siyasi dairələrlə paylaşılacağını bildirib. Partiyanın bəyanatında sülh, demokratiya və qardaşlıq çağırışının Türkiyə və region üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.

Bəs belə olan halda Türkiyənin terror bəlasından xilas olduğunu deyə bilərikmi? PKK silahı yerə qoyur, yoxsa bu, siyasi avantüradan başqa bir şey deyil?

Mövzunu Kriminal.Az-a dəyərləndirən Türkiyənin "Yeni Akit" qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu bildirib ki, Suriyada Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Dəməşqi ələ keçirəndən sonra Bəəs diktatoru və qaniçən qatil Bəşər Əsəd Moskvaya qaçdı, Rusiya və İran Suriyanı tərk etmək məcburiyyətində qaldı və bu hadisə terrorla mübarizənin yeni mərhələsinə də müsbət təsir göstərib:

"İranın dini lideri Əli Xamenei yaşadığı şokdan ayılandan sonra bu dəfə ölkəni qarışdırmaq üçün kənardan müdaxilə edərək Suriyadakı özünə yaxın məzhəbçi qrupları üsyana çağırdı. Lakin bir neçə silahlı aksiya və nümayişlərdən sonra yeni administrasiya vəziyyəti nəzarətə götürdü. Həmin müxalif liderlər də bundan sonra yeni hökumətə sadiq olduqlarını, xarici dövlətlərə boyun əyməyəcəklərini bəyan etdilər. PKK-nın Suriya qolu olan YPG Suriya Milli Ordusu tərəfindən Tel Rıfat və Münbiçdən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağı azad edərkən dediyi kimi, "iti qovan kimi" qovulandan sonra isə Fəratın şərqindəki bölgələrdən də çəkilmələri ilə bağlı Suriya hökuməti ilə danışıqlara başladılar. YPG-nin qondarma generalı Ferhat Abdi Suriya xaricindəki terrorçuları gəldikləri yerə göndərəcəklərini, sərhəd təhlükəsizliyini mərkəzi hökumətə həvalə edəcəklərini, qalanlarının isə Suriya Ordusuna qatılacaqlarını açıqlamışdı. Bu açıqlamalar YPG-nin "Türkiyə bizi məhv etməkdənsə, Suriya hökumətinə boyun əyib canımızı qurtaraq" yanaşmasını ortaya qoyur".

"Bu gərgin hadisələrin fonunda dekabrın 28-də DEM Partiyasının üzvləri Sırrı Süreyya Öndər və Pərvin Buldan İmralı həbsxanasına gedərək Abdullah Öcalanla görüşdülər. Görüşdən sonra DEM Partiyasının verdiyi bəyanata görə, Öcalan Bağçalının çağırışına yaşıl işıq yandıraraq "Hörmətli Bağçalı və cənab Ərdoğanın ortaya qoyduğu yeni paradiqmaya mən də lazımı müsbət töhfə vermək səlahiyyətinə və qətiyyətinə sahibəm" deyib. Amma görürük ki, hakim Ədalət və İnkişaf Partiyasının hər addımına qarşı çıxan, üstəlik bu addımları "xəyanət" kimi qələmə verməyə çalışan qərəzli müxalifət dairələri MHP lideri Bağçalının oktyabr ayındakı çağırışından sonra DEM Partiyası vasitəsilə buna cavab verən Abdullah Öcalanın terrorun ləğvi ilə bağlı cavabına da eyni reaksiyanı verdilər. Onların fikrincə, Öcalana nə olursa olsun söz haqqının verilməsi, onminlərlə şəhidin qanı-canı bahasına aparılan terrorla mübarizəyə və ümumiyyətlə "vətənə xəyanətə" bərabərdir. Lakin Daxili İşlər Nazirliyinin məlumatına görə, hakimiyyəti sosial şəbəkələrdə ittiham edənlərin 30-35 faizi saxta, manipulyasiya xarakterli hesablardan ibarətdir", - deyə Kutlu əlavə edib.

Türkiyəli siyasi şərhçi Engin Özer ise Kriminal.Az-a açıqlamasında deyib ki, bu hadisə ikinci həll prosesi adlanır:

"Öcalan ilk dövrdə də belə bir çağırış etmişdi, lakin sonradan baş verənlər təşkilatın Türkiyə daxilində müəyyən nöqtələrdə silah saxlaması ilə sona çatdı və sonra "Xəndək əməliyyatları" başladı. Ona görə də bu prosesdə Öcalan lider kimi görünsə də, hazırda əsas qərar verən Öcalan deyil. Ona görə də Öcalanın çağırışı yetərli olmaya bilər. Bəli, onun təşkilata simvolik təsiri var, amma bu gedişat Qəndil dağlarında bitəcək".

"Terror təşkilatının hansı şərtlərlə silahı yerə qoyacağı isə PKK-nın Suriya qolu YPG-nin bu ölkədəki gələcəyi ilə də bağlıdır. Təşkilat orada gücünü itirsə, yəni mərkəzi hakimiyyətlə birgə hərəkət etsə, kürd qruplaşmaları da muxtariyyət əldə etməsə bu, PKK üçün yolun sonu ola bilər. Bu, qismən Suriya ilə münasibətdən, qismən də ABŞ ilə Türkiyə arasındakı münasibətdən asılıdır. Bu, təşkilatın gələcəyi ilə birbaşa bağlı olan iki mühüm amildir. Yəni PKK-nın ləğvi ilə bağlı ehtimal olsa da, daha çox Türkiyənin əməli addımlar atması lazımdır. Çünki bu məsələ Öcalanın çağırışı ilə həll olunası deyil", - analitik fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Top
0.041131973266602