kriminal.az
Mərdəkan sakinləri təhlükə ilə üz-üzə: Aidiyyəti qurumlara ÇAĞIRIŞ

Xəzər rayonu, Mərdəkan qəsəbəsinin Kərim Kərimov küçəsində yerləşən evlərdə kanalizasiya problemi səbəbindən sakinlər ciddi çətinliklərlə üzləşirlər.

Kriminal.Az Xəzər TV-yə istinadla xəbər verir ki, əraziyə dolan qrunt və yağış suları evlərin zirzəmilərinə, həyətlərinə və hətta otaqlara qədər daxil olur.

Sakinlərin bildirdiyinə görə, suyun təsirindən bir çox evin bünövrəsində və divarlarında çatlar əmələ gəlib. Hətta qrunt suları evlərdən birinin mətbəxinə qədər dolaraq məişət avadanlıqlarını yararsız hala salıb.

"Evlərimiz getdikcə daha da pis vəziyyətə düşür. Sular bünövrəyə təsir edir və bu, təhlükəli çatların yaranmasına səbəb olub" , - deyə sakinlər bildirirlər.

Onlar qeyd edirlər ki, qəsəbənin digər hissələrində kanalizasiya şəbəkəsi mövcud olsa da, 100-dən çox evin yerləşdiyi bu küçəyə illərdir xətt çəkilməyib. Problemi öz vəsaitləri hesabına həll etməyə çalışan sakinlər küçəyə asfalt örtük çəkdiriblər. Lakin həyətləri və yolları basan su asfaltı da zədələyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Qeyd olunub ki, ərazidəki evlərin çökəklikdə yerləşməsi səbəbindən qrunt və yağış suları buraya toplanır. Bu isə suyun tamamilə qurudulmasını çətinləşdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mərdəkan sakinləri təhlükə ilə üz-üzə: Aidiyyəti qurumlara ÇAĞIRIŞ

Top
0.045354843139648