2024-cü ilin dekabr ayının sonunda Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azerbaijan Airlines" (AZAL) QSC təyyarəsinin gövdəsinin fotoşəkilləri xarici hücuma dəlalət edir.
Kriminal.Az-ın məlumatına görə, eksklüziv görüntüləri "AnewZ" telekanalı təqdim edib.
Kadrlardan aydın olur ki, təyyarənin gövdəsinin daxilini də əhatə edən görüntülərdə xarici təsirə uyğun xəsarət izləri var. Xüsusilə qəlpə zədələri aydın görünür, bu isə quşlarla toqquşma və ya qaz balonunun partlaması kimi ilkin versiyaları şübhə altına alır.
Azərbaycanın hökumət mənbələrinin məlumatına görə, ilkin araşdırma göstərir ki, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın sistemindən buraxılan raketlə vurulub.
Daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev xarici müdaxilə faktını təsdiqləyib, lakin onun sözlərinə görə, raketin növünü istintaq müəyyən edəcək.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin Rusiya ərazisi üzərində Rusiyanın HHM sistemi tərəfindən qeyri-ixtiyari vurulduğunu bildirib. Prezident İlham Əliyev tam günahın etiraf edilməsini, günahkarların cəzalandırılmasını və zərərçəkənlərə və onların ailələrinə kompensasiya ödənilməsini tələb edib.
Araşdırma davam edir.