2025-ci ildən etibarən regional təhsil idarəsinin strukturunda müvafiq dəyişiklik edilib.
Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.
"Eyni zamanda, metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 48 əməkdaşın 46-nın işlə təminatı prosesi artıq həyata keçirilib",- deyə məlumatda qeyd olunub.
Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş işdən çıxarılıb.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.
Bildirilib ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.
Aygün Mirakif