Prezident İlham Əliyev "Rəqəmsal ekologiya" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Kriminal.Az President.az-a istinadən xəbər verir ki, fərmanla "Rəqəmsal ekologiya" informasiya sistemi haqqında Əsasnamə" də təsdiq edilib.
"Rəqəmsal ekologiya" informasiya sistemi (REİS) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
REİS-in sahibi funksiyalarını nazirlik, operatoru funksiyalarını isə nazirliyin tabeliyindəki "Geodeziya və Kartoqrafiya Agentliyi" publik hüquqi şəxs həyata keçirəcək.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ETSN-lə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, REİS-in "Hökumət buludu"na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək, həmçinin ETSN-lə birlikdə REİS-də formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalında yerləşdirilməsini təmin etmək həvalə olunub.
ETSN-ə REİS-in formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Həmçinin, ETSN REİS-in fəaliyyəti zamanı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi "Yerin məsafədən müşahidəsi xidmətləri"ndən ətraf mühitin mühafizəsində, ətraf mühit təsvirlərinin və məlumatlarının əldə olunmasında istifadəni təmin etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyinə REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin ETSN-in sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
"Rəqəmsal ekologiya" informasiya sistemi haqqında Əsasnamə ilə bu linkdən tanış ola bilərsiniz.