"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-yə çatdı.
Kriminal.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, "Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş doqquz müraciətə baxılıb və onlardan dördünə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnamələri "Mobil mühasib" MMC-nin mühasibatlıq xidmətlərini avtomatlaşdıran mobil tətbiqi, "Performance Center" MMC-nin təhsil müəssisələrinin akademik və administrativ əməliyyatlarının idarəedilməsi üçün platforma və mobil tətbiqi, "İDDO PSP" MMC-nin "İDDO" sağlamlıq proqramının idarəedilməsi üçün onlayn platforması və "YOLLAZ" MMC-nin taksi xidmətinin təşkili üçün mobil tətbiqi layihələri üçün təqdim olunub.
Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-ə çatıb.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.