kriminal.az
Egey dənizində zəlzələlər: Türkiyə necə təsirlənəcək? - EKSKLÜZİV

Son bir həftədə Egey dənizində çoxlu zəlzələlər olub. Yunanıstanın Santorini adası prosesdən ən çox təsirlənən bölgədir.

Məsələ ilə bağlı Kriminal.Az-a açıqlama verən Türkiyənin Dokuz Eylül Universitetinin (DEÜ) Ümumi Geologiya fakültəsinin professoru Həsən Sözbilir aktivləşən tektonik prosesin səbəblərindən danışıb:

"28 yanvar 2025-ci il tarixindən etibarən Yunanıstanın Egey dənizindəki Santorini adası ətrafında fasiləsiz olaraq zəlzələ fırtınası yaşanır. Hər gün 1-5 bal gücündə 100-ə yaxın zəlzələ baş verir. Yer qabığındakı gərginlik nəticəsində yaranan tektonik zəlzələlər bu ərazi üçün təbii geoloji mühitdir. Santorini adası Cənubi Egey vulkanik qövsündə yerləşir. Burada dəfələrlə püskürmələr, sunami, zəlzələlər qeydə alınıb, təbiət hadisələri can və mal itkisinə səbəb olub.

Bəs niyə bu bölgədə belə vulkanik fəaliyyət var? Bu vulkanik fəaliyyət bitəcəkmi? Bunun cavabını bilmək üçün bölgəyə daha böyük miqyasda nəzər salmaq lazımdır. Məsələ burasındadır ki, bu adanın və Krit adasının cənubunda Afrika ilə Egey-Anadolu plitələri arasında geoloji sərhədi təşkil edən nəhəng bir qırılma xətti var. O, Albaniyadan cənub-şərqə doğru irəliləyir, qövs əmələ gətirir, sonra Yunanıstanın cənubundan və Kritin cənubundan keçir, daha sonra şimal-şərqə doğru əyilir və Rodosun cənubundakı Plini-Strabon transformasiya çatı ilə birləşir. Keçmişdə bu qırılma xəttində 8.5 bal gücündə meqazəlzələlər baş verib və xüsusilə Egey və Aralıq dənizi sahillərimizdə sunamilər olub. Bu qırılma xətti boyunca Afrika plitəsi Egey-Anadolu plitəsinin altından şimala doğru 300 km dərinliyə enir. Afrika plitəsi hərəkət etdikdə, onun üstündəki Egey plitəsinin bəzi hissələri də hərəkətə gəlir. Bütün bu geoloji hadisələr Egey bölgəsində və Qərbi Anadoluda öz təsirini göstərir. Başqa sözlə, Afrika və Egey-Anadolu plitələri bir-biri ilə toqquşduqda, biz başqa geoloji mühitə keçəcəyik. Sonra bu vulkanik fəaliyyət bitəcək. Təbii ki, bu geoloji hadisənin baş verməsi milyonlarla il çəkəcəyi üçün biz bunu görə bilməyəcəyik. Buna görə də Afrika plitəsi min illər boyu Ege-Anadolu plitəsinin altına batmağa davam edəcəyi üçün vulkan püskürmələri və zəlzələlər də davam edəcək.

Son 20 ildə aparılmış geofiziki tədqiqatlar Santorini və onun şimal-şərqində yerləşən Amorqos-Kolombo sualtı vulkanının altındakı maqma aktivliyinin yüksəldiyini və bu sahədə çatların əmələ gəldiyini göstərir. Dənizin altında davam edən bu tektonik-maqmatik fəaliyyətlərin müəyyən müddətdən sonra çatlar vasitəsilə səthə çıxması və vulkanik fəaliyyətə çevrilməsi ehtimalı var. Təbii ki, bu fəaliyyət keçmişdə olduğu kimi 7.5 bal gücündə zəlzələlərə də səbəb ola bilər".

H.Sözbilir sözügedən prosesin Türkiyəyə mümkün təsirlərini və görüləcək tədbirləri dəyərləndirib:

"Bəs bizdən 150-200 km aralıda baş verə biləcək belə bir fəlakət Türkiyəyə necə təsir göstərəcək və bu fəlakətə qarşı hansı tədbirləri görməliyik?

Bu məsələ ilə bağlı keçmişdə həm zəlzələlər, həm də vulkanik fəaliyyət olub. Santorini, Milos və Nisiros adalarında eramızdan əvvəl 160, eramızdan sonra1800-cü illərində və 1950-ci ildə vulkan püskürmələri olub. Belə bir püskürmə indi də baş verərsə, vulkanik külün Egey sahillərinə çata biləcəyini proqnozlaşdırmaq olar. Belə olan halda vətəndaşlar AFAD kimi qurumların internet saytlarından vulkanla bağlı ehtiyat tədbirləri ilə bağlı məlumat ala bilərlər. 1956-cı ildə Santorini adasının şimalında 7.5 bal gücündə, 13 dəqiqə sonra isə 7 bal gücündə zəlzələ olduğu məlumdur. Bu zəlzələlərdən sonra Egey sahillərimizdə hündürlüyü 1-2 metrə çatan dalğalardan danışılır. Hazırda Santorini ətrafında 7 baldan çox zəlzələ baş verərsə, AFAD və digər əlaqəli seysmoloji stansiyalara qoşulan seysmometrlər bir neçə saniyə ərzində zəlzələni təsbit edir. AFAD sistemi onu avtomatik olaraq analiz edərək sunami təhlükəsi varsa, bu barədə bütün smartfonlara mesaj göndərir. Sunami bu mesajdan təxminən 20-30 dəqiqə sonra sahillərimizə çata bilər. Bu müddət ərzində dəniz sahilindən quruya doğru 4-5 km irəliləsək, can itkisi olmayacaq. Ola bilsin ki, sahildəki bəzi binaları dəniz suyu basıb, sonra geri qayıtsın. Bu səbəbdən AFAD və yerli valilik kimi rəsmi qurumların internet saytlarını daim yoxlamaq və AFAD tətbiqini bütün smartfonlara yükləmək vacibdir".

Söhrab İsmayıl

Top
0.052294015884399