Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən "Zagreb Open" reytinq turnirində daha 6 güləşçimiz mübarizə aparıb.
Kriminal.Az xəbər verir ki, qadın güləşində 59 kq-da iki təmsilçimiz xalçaya çıxıb.
Alyona Kolesnik A qrupunda macarıstanlı Erika Boqnar (5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə B qrupunda amerikalı Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib. Hər iki güləşçimiz qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Milli üzvləri həlledici görüşdə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Günay 4:2 hesablı qələbə qazanıb.
Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14 hesabı ilə uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarankaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlsə də, rusiyalı Dinislam Bammatova məğlub olub - 0:8. Ziya amerikalı Ellis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək şansını itirib - 3:5.
Olimpiya Oyunlarından sonra ilk yarışına çıxan Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən kənarlaşdırıb - 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.
Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.
Kriminal.Az xəbər verir ki, turnirin üçüncü günündə dörd kişi və iki qadın güləşçimiz döşək üzərinə çıxacaqlar.
Bunlar Murad Məmmədov, Ziya Babaşov (hər ikisi - 63 kq), 2024-cü il Olimpiya mükafatçısı Həsrət Cəfərov, Fərid Xəlilov (hər ikisi - 67 kq), Alyona Kolesnik və Günay Qurbanovadır (hər ikisi - 59 kq).
Hazırda Azərbaycanın hesabında yeddi (1-3-3) medal var: Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq), Arseni Djioyev (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq) və Abubakar Abakarov (92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, fevralın 9-dək davam edəcək reytinq turnirində Azərbaycan ümumilikdə 33 güləşçi ilə təmsil olunur.