BMT Baş Assambleyası ABŞ-nin Ukrayna ilə bağlı qətnamə layihəsini Avropa ölkələrinin düzəlişləri ilə qəbul edib.
Kriminal.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qətnamə layihəsinin lehinə 92 ölkə səs verib, 8 ölkə, o cümlədən Rusiya və Belarus, əleyhinə çıxıb. 73 ölkə, o cümlədən ABŞ isə öz layihəsinə səs verməkdən imtina edərək bitərəf qalıb.
Avropa ölkələri tərəfindən təqdim olunan dəyişikliklər ABŞ-nin qətnamə layihəsinin dilini köklü şəkildə dəyişdirərək, faktiki olaraq neytral sənədi anti-Rusiya sənədinə çevirib.
Xüsusilə, qətnamənin preambulasında "Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə" ifadəsi "tammiqyaslı işğal" ifadəsi ilə əvəz olunub.
Bundan əlavə, sənədə Ukraynanın "beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində" ərazi bütövlüyünə sadiqliklə bağlı bənd əlavə edilib. Həmçinin, Rusiya ilə Ukrayna arasında "BMT Nizamnaməsinə və dövlətlərin bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq" sülh bağlanması ilə bağlı ifadələr daxil edilib.
Qeyd edək ki, bu gün həmçinin Ukrayna tərəfindən hazırlanan qətnamə də Baş Assambleya tərəfindən təsdiqlənib. Sənəd lehinə 93, əleyhinə 18 səslə qəbul olunub. ABŞ Rusiya ilə birlikdə sənədin əleyhinə çıxıb.