Ağ Ev rəhbəri Donald Tramp sələfi Co Baydenin ABŞ silahlarını alan ölkələrin beynəlxalq humanitar hüquqa riayət etmələrini tələb edən qərarını ləğv edib.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə "The Washington Post" keçmiş və hazırkı rəsmilərə istinadən xəbər yayıb.
Bildirilir ki, söhbət Baydenin 2024-cü ilin fevralında imzaladığı NSM-20 adlı memorandumun ləğvindən gedir.
Qeyd olunur ki, bu sənəd Bayden tərəfindən ABŞ-nin İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsinə dəstək verməsi ilə yanaşı, bu münaqişədə mülki əhalinin itkiləri ilə bağlı artan narahatlığı balanslaşdırmaq məqsədilə qəbul edilib. Xüsusilə, memorandum ABŞ-dən silah alan müttəfiq ölkələrdən bu silahların beynəlxalq humanitar hüququ pozmayacağına dair yazılı təminat tələb edirdi. Əks halda, silah tədarükü dayandırılacaqdı. Eyni zamanda, bu ölkələr ABŞ-nin humanitar yardım göndərməsinə dəstək verməli idi.
Nəşrin yazdığına görə, bu məhdudiyyətlərdən imtina Tramp Administrasiyasının ABŞ xarici siyasətinə "America first" ("Amerika hər şeydən öndə" - red.) şüarını vurması fonunda baş verib.