İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarından Qəzza sektorunda fələstinli radikalların əlində olan dörd girovun cəsədini alıb.
Kriminal.Az-ın verdiyi məlumata görə, xəbər yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən təsdiqlənib.
"Bu gecə İsrail Qızıl Xaç vasitəsilə dörd oğurlanmış şəxsin cəsədini alıb. Misirin vasitəçiliyi ilə tabutlar "Kerem-Şalom" keçid məntəqəsində İsrail Müdafiə Ordusuna təhvil verilib. Hazırda İsrail ərazisində ilkin identifikasiya proseduru başlayıb", - deyə bəyanatda qeyd olunub.
Bildirilir ki, oğurlanmış şəxslərin ailələri vəziyyət barədə daim məlumatlandırılır, tam identifikasiya proseduru başa çatdıqdan sonra onlara rəsmi bildiriş təqdim olunacaq.
Həmçinin HƏMAS hərəkatı da İsrailin 600 fələstinli məhbusu təhvil verdiyini təsdiqləyib və sazişə sadiqliyini bir daha xatırladaraq, onun bütün şərtlərinə və müddəalarına əməl etmək niyyətində olduğunu vurğulayıb.
"Biz razılaşmanın ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazırıq və bir daha bəyan edirik ki, Qəzza sektorunda bütün girovları azad etməyin yeganə yolu danışıqlar aparmaq və razılaşdırılmış şərtlərə riayət etməkdir", - deyə hərəkatdan bildirilib.