kriminal.az
Rumıniyada prezidentliyə namizəd Corceskunun işi ilə bağlı 20-yə yaxın adam saxlanılıb

Rumıniya Baş Prokurorluğunun əməkdaşları Rumıniyada sabiq prezidentliyə namizəd Kelin Corceskuya qarşı ittiham irəli sürülən iş çərçivəsində 18 şübhəlini saxlayıblar.

Kriminal.Az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Prokurorlar şübhəlilərin 30 gün müddətinə ilkin həbsinə dair vəsatətlə Ali Kassasiya Məhkəməsinə müraciət ediblər. Onlar konstitusiya quruluşuna qarşı fəaliyyət cəhdi, silah və sursatların saxlanılması qaydalarının pozulması, habelə təhrikçilikdə ittiham olunurlar.

Bundan əlavə, prokurorlar hərbi təlimatçı və muzdlu döyüşçü olan Horatsiu Potra, onun oğlu və daha bir ailə üzvü barəsində qiyabi həbs qərarı çıxarılmasını tələb ediblər.

Potra fevralın 26-da evində axtarış aparılmamışdan əvvəl Rumıniyanı tərk edib və hazırda Dubayda olduğu bildirilir. Axtarış zamanı böyük miqdarda silah-sursat, nağd pul və qızıl külçələri aşkarlanıb.

İş Rumıniyanın ali məhkəmə instansiyası tərəfindən araşdırılır, çünki şübhəlilər arasında hakim və ya prokuror olduğu ehtimal edilən bir şəxs də var.

Ümumilikdə, fevralın 26-da Rumıniyanın beş bölgəsində təxminən 50 axtarış aparılıb. Bu iş çərçivəsində Corcesku da saxlanılıb. Baş Prokurorluqda ona konstitusiya quruluşuna qarşı təhrikçilik, yalan məlumat vermək, həmçinin soyqırımı və hərbi cinayətlərdə günahkar bilinən şəxsləri təbliğ etmək kimi ittihamlar irəli sürülüb.

O, 60 günlük məhkəmə nəzarətinə götürülüb, ölkəni tərk etməsi qadağan olunub.

Top
0.050558090209961