kriminal.az
Azərbaycanda klub rəhbərliyi futbolçuları oruc tutduqlarına görə CƏZALANDIRDI

II Liqanın son turunda evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzan "Hypers Guba"nın futbolçuları klub rəhbərliyi tərəfindən cəzalandırılıb.

Kriminal.Az sportinfo.az-a istinadən xəbər verir ki, martın 1-də, yəni Ramazan ayının ilk günü meydana çıxanların hamısı cəriməyə məruz qalıb. Oyunçuların bir qismi orucunu pozmadan yaşıl sahəyə ayaq basdıqları üçün rəhbərliyin qəzəbinə tuş gəliblərsə, digərləri bu halı bilib, idarəçilərə məlumat vermədiklərinə görə cərimələniblər.

Məlum olub ki, klub rəhbərliyi Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib. Futbolçular bu qərara sözlü şəkildə etiraz bildirməsələr də, tapşırığa əməl etməyiblər - göstərişi qulaqardına vurublar.

Burada bir məqama da diqqət yetirmək lazımdır: Hazırda "Şəmkir"i çalışdıran Vüqar Nadirovun baş məşqçi kimi ilk iş yeri "Hypers Guba" olub. Şimal təmsilçisinə Region Liqasının gümüş medallarını qazandıran, daha sonra pley-off oyunlarında "Şəfa"ya qalib gələrək II Liqaya yüksəldən gənc mütəxəssis ötən ilin noyabrında klubdan ayrılıb. Özü də deyib-gülərək yox, ciddi narazılıq və qalmaqalla. Odur ki, bu matç həm onun, həm də "Hypers Guba"nın rəhbərliyi üçün ikiqat prinsipiallıq daşıyıb.

Top
0.050585031509399