Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqema Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Müsəlman icmasının müqəddəs Ramazan bayramını qeyd etdiyi bir vaxtda Sizə, ailənizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı çatdırıram.
Ramazan ayı müsəlmanlar üçün sülh, əmin-amanlıq və yüksək mənəviyyat dövrüdür. Bu ay həm də şəxsi inkişaf mənbəyi, təfəkkür və ünsiyyət baxımından mühüm əhəmiyyətə malikdir.
Ümid edirəm ki, bu mübarək ay ümumbəşəri paylaşma, həmrəylik və alicənablıq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verəcək, bu günün əsas çağırışları qarşısında fəaliyyətimizi birləşdirəcək.
Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, Əziz Qardaşım.
Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm.
Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm.
Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı
qəbul etməyinizi xahiş edirəm".