kriminal.az
Rusiya Ermənistana sarsıdıcı zərbə vurur: Kreml İrəvanı radikal seçimə məcbur edir

Kreml yeni "Qafqaz planı" ilə regional sülh prosesində Qərbi qabaqlamaq niyyətinə düşüb və Rusiyanı gücləndirəcək əlavə hüquqi mexanizm qazanmağa can atır... Rusiyanın Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün Almatıda üçtərəfli görüş planlaşdırdığı bildirilsə də, bu məsələ Kremlin deyil, məhz rəsmi Bakının siyasi iradəsi ilə həll ediləcək...

Kriminal.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz uğrunda mübarizə yenidən intensivlik qazanmağa başlayıb. Belə ki, Ukrayna savaşının başlanmasından sonra bu regionda mövqeləri zəifləmiş Rusiya yenidən fəallaşmağa cəhd göstərir. Kreml Cənubi Qafqazdakı geopolitik mövqelərini qorunmaqda israrlı olduğunu biruzə verməkdədir. Eyni zamanda, Rusiya bu regionda nəzarət mexanizmlərinin bərpasına artıq start verdiyini də sezdirir. Və bu baxımdan, hazırda Kremlin əsas diqqətinin məhz Rusiyanın ənənəvi regional forpostu Ermənistan üzərində formalaşması qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın nə vaxtsa, Ermənistana qarşı sərt təzyiq metodlarına üstünlük verə biləcəyi qətiyyən istisna olunmurdu. Kremldə hesab edirlər ki, Rusiyanın sayəsində uydurulmuş dövlət olan Ermənistan heç vaxt nəzarətdən çıxa bilməz. Rusiya Ermənistanı Qərbə güzəştə getməyəcəyini əvvəlcədən də gizlətmirdi. Və indi Kreml Rusiyaya xəyanət etmiş Ermənistan ilə hesablaşmaq niyyətini açıq-aşkar biruzə verməkdədir.

Məsələ ondadır ki, Rusiya Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) ayrılmasına imkan verməyəcəyini qabardır. Üstəlik, KTMT ilə bağlı problemi də məhz Aİİ üzərindən həll etməyə çalışır. Belə ki, Kremldə Ermənistanın yaxın gələcəkdə Aİİ-dən ayrılmaq şansının olmadığını tam dəqiqliyi ilə bilirlər. Çünki rəsmi İrəvan belə bir radikal addım atarsa, bu, Ermənistan iqtisadiyyatının çöküşü ilə nəticələnər. Və bu səbəbdən də, Kreml rəsmi İrəvanı KTMT-nı tərk edəcəyi təqdirdə, Ermənistanın Aİİ-dən qoyulacağı ilə hədələyir.

e1048e8e37c92b2f8d65879ef3338edb.jpg (137 KB) Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, rəsmi İrəvan Aİİ-yə üzvlüyün bütün faydalarını və İttifaqdan çıxışın itkilərini Ermənistan cəmiyyətinə izah etməlidir. Onun fikrincə, Paşinyan hakimiyyəti bu taleyüklü məsələ ilə bağlı doğru qərar verməyə çalışmalıdır. Rus diplomat rəsmi İrəvana Ermənistanın heç vaxt üzv ola bilməyəcəyi Avropa Birliyinə yönəlik atdığı addımlar ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, fərqli istiqamətlərdə hərəkət edən bu iki qurumda eyni vaxtda yer almaq mümkün deyil.

Kremldən rəsmi İrəvana xatırladılıb ki, Rusiya və Ermənistan "müttəfiq", "strateji tərəfdaş" ölkələrdir. Ona görə də, Rusiya və Ermənistan mövcud problemləri "etibarlı bir atmosfer"də müzakirə ilə həll etməlidir. Yəni, Kreml əslində, müxtəlif istiqamətləri üzrə dolayısı mesajlar ilə Ermənistanı ciddi şəkildə təhdid edir. Rəsmi İrəvana Qərbə inteqrasiya siyasətinə Rusiyanın radikal reaksiyasının doğulacağı nəticələr barədə xəbərdarlıq olunur. Üstəlik, Azərbaycanla yekun sülh sazişinin imzalanmadığı bir şəraitdə Ermənistanın real təhlükə altında olduğu qabardılır. Və Ermənistan ordusunun tez-tez atəşkəsi pozmasının arxasında gizlənən səbəblər də indi Rusiyanın rəsmi İrəvana təzyiq faktorları kimi qəbul oluna bilər.

Onu qeyd etmək lazımdır ki, bir müddət öncə baş nazir Nikol Paşinyan da Ermənistan ordusuna tam nəzarət edə bilmədiyini dolayısı ilə qabartmağa çalışmışdı. Belə ki, erməni baş nazir Ermənistan ordusuna atəşkəs rejimini pozmamaq barədə əmri verdiyini vurğulamışdı. O, bildirmişdi ki, Ermənistan savaşa deyil, sülhə doğru hərəkət etməlidir. Çünki Azərbaycanla imzalanacaq yekun sülh sazişinin mətni də artıq tamamilə razılaşdırılıb.

Göründüyü kimi, Ermənistan kənar təsirlərə davamsız durumdadır. İndi rəsmi İrəvanın atdığı əksər addımlar sonradan Ermənistana qarşı bumeranq effekti verir. Həm Qərb, həm də Rusiya bütün digər faktorlarla yanaşı, sülh prosesindən də regional maraqları çərçivəsində istifadə etməyə çalışır. Və bu, ilk növbədə Ermənistanı sarsıdıcı zərbə altında buraxa biləcək önəmli faktordur.

b1b46a03bd1541a69135bd6de37c4c10.jpg (131 KB)

Ancaq yekun sülh sazişinin imzalanması üçün vacib olan bütün şərtlər hələlik tam yerinə yetirilmədiyindən Ermənistan əslində, hazırda birmənalı şəkildə seytnot vəziyyətinə düşmüş kimi görünür. Elə baş nazir Nikol Paşinyan da situasiyanın Ermənistan üçün olduqca təhlükəli olduğunu öz yaxın ətrafına anlatmağa çalışıb. O, qapalı görüşdə bildirib ki, rəsmi Bakının tələbləri yerinə yetirilmədiyi təqdirdə, yeni müharibə qaçılmaz ola bilər. Erməni baş nazir hesab edir ki, mövcud durumu ehtiyatlı şəkildə Ermənistan cəmiyyətinə izah etmək lazımdır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan etiraf edib ki, rəsmi Bakı ilə danışıqlar onun istədiyi məcrada getmir. Onun dediyinə görə, rəsmi Bakı həm sülh sazişinin imzalanması üçün ön şərtlərdə, həm də Zəngəzur dəhlizin açılmasında israrlıdır. Əgər, rəsmi Bakının tələbləri yerinə yetirilməzsə, Ermənistan üçün sülh sazişi əlçatmaz olacaq. Və nə qədər qəribə də olsa, bütün bu önəmli məqamla bağlı Paşinyan hakimiyyəti daxilində ortaq mövqe olmadığından ziddiyyətlər daha da dərinləşir.

Maraqlıdır ki, Ermənistan KİV-ləri Rusiyanın belə vəziyyətdən rəsmi İrəvana təzyiqləri artırmaq üçün istifadə etməyə çalışdığını vurğulayır. Belə ki, Kremlin regional sülh prosesini yenidən Rusiyanın nəzarəti altına qaytarmağa çalışdığını iddia edir. Hətta rəsmi İrəvanın çarəsiz durumunun Rusiyanı vasitəçilik missiyasını təkrar ələ keçirməyə həvəsləndirdiyi də bildirilir. Və bu, reallaşmasa belə, Paşinyan hakimiyyətinun Kremlin istəyini qəbul etməsi, Ermənistanın Qərblə münasibətlərində ciddi problemlərə yol aça bilər.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB) 

Məsələ ondadır ki, “Joxovurd" qəzetinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə Paradı ərəfəsində Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirə bilər. Həmin məlumatda görüş zamanı Kreml sahibinin Ermənistan və Azərbaycan arasında sülh sənədinin imzalanması barədə razılıq əldə olunmasına çalışa biləcəyi iddia olunur.

Üstəlik, erməni nəşri Kremlin sülh sazişinin imzalanması üçün iyun ayının əvvəllərində Almatıda üçtərəfli görüşün baş tutmasına çalışdığını da vurğulayıb. Bu, o deməkdir ki, Kreml Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasında Qərbi qabaqlamaq niyyətindədir və nəticədə Cənubi Qafqazda Rusiyanın mövqelərini gücləndirə biləcək əlavə hüquqi mexanizm qazanmağa can atır.

Halbuki, burada diqqətdən qaçırılan bir önəmli məqam da var ki, rəsmi Bakı tələbləri tam icra edilmədən sülh sazişini imzalamaq niyyətində deyil. Bu baxımdan, Cənubi Qafqazın gələcək taleyi Moskvada deyil, məhz Bakıda həll ediləcək. Yəni, indiki mərhələdə regional sülh prosesi Rusiya üçün Ermənistana qarşı təzyiq faktorundan uzağa gedəcək mövzu deyil. Və belə anlaşılır ki, Paşinyan hakimiyyəti yaxın gələcəkdə Kremlin çoxvektorlu geopolitik hücumlarına məhkum qala bilər.

Top
0.071420907974243