Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı.
Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü?
Kriminal.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb.
"Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur", - deputat bildirib.
G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər:
"Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur.
Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür".