kriminal.az
Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu ziyarət edərək başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov atasını itirən Türkiyənin keçmiş XİN başçısı Mevlüt Çavuşoğluna başsağlığı verib.

Kriminal.az "Haber Global" telekanalına istinadla xəbər verir ki, nazir M.Çavuşoğlunun Antalyadakı ata evinə gedərək, orada başsağlığı diləklərini çatdırıb.

C.Bayramov ziyarətdən sonra jurnalistlərə verdiyi açıqlamada bu gün Azərbaycan heyətinin qardaş Türkiyədə olduğunu bildirib:

"Bura gəlməyimizin səbəbi əziz qardaşım və yaxın dostum Mevlüt Çavuşoğlunun atasının vəfatıdır. Buraya mərhumun ailəsinə, Mevlüt Çavuşoğluna, qardaşlarına və böyüklərinə başsağlığı vermək üçün gəldik. Allahdan mərhum Osman Çavuşoğluna rəhmət diləyirik. Onun o dünyasının cənnət olmasını ürəkdən arzu edirik.

Osman Çavuşoğlunu tanımasam da, burada qısa müddət ərzində insanlardan ciddi şəkildə xoş sözlər, xatirələr eşitdim. Bu qədər çox sayda insanın gəlməsi, bu məclisdə iştirak etməsi, həyata Mevlüt Çavuşoğlu kimi bir övladı dünyaya gətirməsi, onu tərbiyə etməsi özlüyündə çox qiymətli şeydir.

Azərbaycanda Mevlüt Çavuşoğluna hamının çox böyük sevgisi, çox böyük hörməti var. Mevlüt bəy həmişə Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi önəm verən və bu əlaqələrə xüsusi yanaşma göstərən qardaşımız, dostumuz olub. Bu, həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Bu gün burada təkcə öz ehtiramımızı deyil, eyni zamanda bütün Azərbaycan xalqının başsağlığı diləklərini çatdırırıq".

Xatırladaq ki, M.Çavuşoğlunun atası aprelin 17-də 93 yaşında dünyasını dəyişib.( Oxu.Az ) 

Top
0.054944038391113