kriminal.az
Tənhalaşırıq, canlı ölüyə çevrilirik, nə baş verir? - Ekspertdən həyəcan təbili

Texnologiyanın sürətli inkişafı ilə həyatımızın demək olar ki, hər sahəsində süni intellektə rast gəlirik. Artıq sual verdiyimiz, məsləhət aldığımız, hətta bəzən dərdləşdiyimiz "varlıq" bir insan yox, süni intellekt olur. 

Bəs bu texnoloji asılılıq bizi bir-birimizdən uzaqlaşdırırmı? 

Mövzu ilə bağlı Kriminal.az -a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, süni intellektin sürətlə yayılması yaşadığımız texnoloji əsrlə bağlıdır.

Onun sözlərinə görə, insanlar artıq digər insanlarla ünsiyyətə vaxt sərf etmədən müxtəlif süni intellekt proqramları “ChatGPT”, “Gemini” ilə dialoq qura bilir, beyin fırtınası yaradır, bilmədiyi bütün  suallara cavab tapır, ideal və mükəmməl dialoqlar qururlar:

“Bunun insanlara yeni  informasiya öyrənmək baxımından heç bir zərəri yoxdur, amma insan artıq proqramlara qurduğu ünsiyyətdən sonra tənhalaşır. Real insanlar süni intellektin verdiyi rahatlığı və mükəmməl insan sterotipini bizə verə bilmir. Nə baş verir? Bir-birimizdən sürətlə uzaqlaşırıq, psixoloji vəziyyətimiz gərginləşir. Yalançı eyforiyaya qapılırıq, hər kəsin öz aləmi olur, insani duyğular itir. İnsani duyğuları (sevgi,mərhəmət) itən insan canlı ölüyə çevrilir. Telefon və kompüter, qulaqlıq bağlılığı yaranır. Axırıncı dəfə ailə üzvünə belə sığal çəkib, sarılmağı unudur”. 

Psixoloq onu da qeyd edib ki, insan sosial varlıqdır, süni intellekt isə proqramlar və informasiya bazasıdır: “Proqram mükəmməl dialoq qura bilər, biz insanlar isə kiçik qüsurlarımızla varıq. Proqramdakı qüsursuz dialoqu uzun illər sınayan insan onu reallıqdan fərqləndirə bilmir, beynin alt qatları daha az bilgili insanı qəbul etmir. Bunun üçün də insan öz çevrəsindən kənara çıxmır, çıxsa da ünsiyyət qura bilmir.

Süni intellekt proqramları  həyatımızı asanlaşdırıb ,bizə yeni bilgilər vermək üçündür. Ona bağlı olub sosial ünsiyyəti kəsmək gələcəkdə insanı depressiv vəziyyətə sala bilər”.

Həmidə İbrahimova

Top
0.063808917999268