kriminal.az
Əvvəllər məsləhət görərdik, indi həyatını itirmə riski var, qadağalar olmalıdır - Psixoloq

Böyük Britaniyada aparılan yeni bir sorğuya əsasən, 16-21 yaş arası gənclərin yarıya yaxını internetsiz bir dünyada yaşamağa üstünlük verir. Bu nəticə internetin və xüsusilə də sosial medianın onların psixoloji vəziyyətinə mənfi təsiri ilə izah olunur.

İştirakçıların təxminən 70 faizi sosial mediada vaxt keçirdikdən sonra özlərini daha pis hiss etdiklərini bildiriblər. 

Mövzu ilə bağlı Kriminal.az -a danışan psixoloq Gülnar Orucova bildirib ki, ümumiyyətlə, son dövrlərdə nəinki gənclər, insanlar arasında sosial platformalara xüsusi bir bağlılıq yaranıb.

Onun sözlərinə görə, sosial şəbəkələr ayrılmaz hissəmizə çevrilib: “Biz bunun fəsadlarını da görürük. Artıq sosial media elə bir həddə gəlib çıxıb ki, xeyrindən çox zərərlərini görürük. Əslində ünsiyyəti zəif olan xəstələrimizə sosial mediada dostlar qazanmaq üçün bu cür platformaları məsləhət görərdik. Amma indi baxıb görürük ki, burada dost qazanmaq yox, hətta öz həyatını itirmə təhlükəsi də ortaya çıxa bilir. Ümumiyyətlə, biz özümüzə müəyyən saatlar təyin etməliyik ki, məsələn, bu saatlarda sosial mediadan istifadə edəcəyik. Özümüzə qadağalar qoymalıyıq. Biz bu qadağaları qoymuruq. Biz saysız hesabsız saatlarımızı burada həsr edirik. Görürük ki, nəticədə biz bunun daha çox zərərlərini görürük”.

Psixoloq qeyd edib ki, sosial mediadan, internetdən və bu kimi  texnologiyalardan istifadə edən insanlarda bir sıra vəziyyətlər özünü görsədə bilir:

“Bunlar hansıdır? Birinci xroniki yorğunluq. İkinci yuxu pozuntusu. Sonra daim eyni vəziyyətdə qalmaq dayaq hərəkət aparatında problemlərə gətirib çıxardır. Gözün zəifləməsinə səbəb olur. Bundan əlavə, depressiya, aqressiya, bir sıra uşaqlarda, gənclərdə davranış pozuntuları ortaya çıxara bilir. Ümidsizliyə qapıla bilirlər. Özünü qiymətləndirmə, özgüvən aşağı düşə bilir, çünki onlar davamlı olaraq sosial mediada ünsiyyətdə olurlar və nələrisə müzakirə edirlər. 

Sosial mediadan asılılığı azaltmaq üçün özümüzə “detoks günləri” edirik. Məsələn, “bu gün ərzində mən internetdən istifadə etməyəcəm”, “sosial şəbəkədən istifadə etməyəcəm, bu gün istirahət edəcəm” deyirsiniz. O gün telefonu qoyursunuz kənara, telefonda interneti bağlayırsınız, yalnız zəngləri aça bilərsiniz və həmin günü siz sosial mediaya girmirsiniz.  Özümüzə gün ərzində 1-2 saat sosial mediaya girməyə vaxt ayıracağıq. Bu yolla sosial şəbəkələrdən asılılığımızı bir az da olsa azalda bilərik”.

Həmidə İbrahimova

Top
0.066787958145142