kriminal.az
Təhsil Nazirliyi və Milli Konservatoriya

Ölkədə şirkətlərin bir-birinə borcu, şirkətlərin fəhlələrə, əhaliyə borclarına adət etmişik. Amma, məmurların, həm də çox səlahiyyətli məmurların günahı ucbatından dövlətin şirkətə borclu qalması və dövlət üçün böyük məbləğ sayılmayan, amma illərdir ödənməyən borcu haqqında xəbər gələndə.., təəccüb və təəssüf etməmək mümkün deyil.

Söhbət hansısa mənzil-istismar idarəsiin borcundan getmir, söhbət Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Milli Konservatoriya rəhbərliyinin və ayrı-ayrı məsul şəxslərin vəzifə borclarına məsuliyyətlə yanaşmaması səbəbindən çoxsaylı işçisi olan bir şirkətin ağır duruma düşməsindən gedir.
Yəqin, hər kəs Hüseyn Cavid prospektində yerləşən Azərbaycan Milli Konservatoriyasının möhtəşəm binasını görüb. Konservatoriyanın yeni Kompleksinin tikilməsi barədə Azərbaycan Respublikasının Prezidenti 2006-cı ildə sərəncam verib və tikintinin inşaat sahəsində kifayət qədər təcrübəsi olan “Caspian Service” MMC-yə tapşırılıb. Elə həmin il Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Konservatoriyası ilə “Caspian Service” MMC arasında müqavilə imzalanır və şirkət rəhbərliyinə təxirə salınmadan layihələndirmə və tikinti işlərinə başlanılması barədə tapşırıq verilir. “Caspian Service” MMC qısa müddət ərzində Konservatoriyanın 4 blokdan ibarət inzibati-tədris kompleksinin layihələndirilməsi işlərini başa çatdırır və sifarişçiyə təqdim edir.

Kompleksin iki il müddətində başa çatdırılması nəzərdə tutulsa da maliyyə vəsaitinin məhdud həcmdə ayrılması tikinti işlərinin uzanmasına səbəb olur, yəni uzanmanın tikinti şirkətinə aidiyyatı yoxdur və sifarişçi də bu səbəbdən hər dəfə layihə-smeta sənədlərində dəyişikliklərin edilməsini xahiş etmiş, bu da obyektin təhvil verilmə müddətinin uzanmasına səbəb olmuşdur. Nəticədə şirkətlə 4 müqavilə imzalanmış və 29 milyonluq iş icra edilmişdir.

2013-cü ilin sentyabrında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkət rəhbərliyinə bildirir ki, tədris kompleksinin təhvili 2014-cü ilin fevral ayı üçün Respublika prezidentinin iştirakı ilə keçirilən obyektlərin açılışı proqramına daxil edilib. Rektor kompleksin tikintisi üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin kifayət etmədiyi səbəbindən çatışmayan vəsaitin bankdan kredit götürməklə təmin edilməsini xahiş edir və açılışdan sonra görülmüş işlərin dəyərinin tam ödəniləcəyinə söz verir. Yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq “Caspian Service” şirkəti Bank “BTB” ASC-dən kredit götürüb, “A”, “B”, “D” bloklarını tam həcmdə sifarişçiyə təhvil verib. “E” blokunda daxili-tamamlama işləri yekunlaşmasa da, nəzərdə tutulduğu kimi kompleksin əhəmiyyətli hissəsinin 13 fevral 2014 – cü ildə cənab Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub və görülmüş işlər yüksək qiymətləndirilib.

Göründüyü kimi “Caspian Service” MMC ciddi dövlət tədbirinin zamanında baş tutması üçün ağır kredit şərtlərinə girərək obyekti zamanında təhvil verməyə müvəffəq olub. Təəssüf ki, tikinti şirkətinin anlayışla qarşıladığı və situasiyaya uyğun xoş məram nümayiş etdirməsi dövlət strukturlarının eyni addım atmasına səbəb olmayıb. Rəqəmlərə müraciət edərək vəziyyətin dəqiq mənzərəsini sizlərə təqdim edirik: Kompleksin təsdiq olunmuş layihə sənədləri üzrə ümumi smeta dəyəri 34 752 740 AZN təşkil edir. Bu günə qədər 29 733 565 AZN dəyərində iş həcmi yerinə yetirilmişdir. Bu məbləğdən 26 867 462 AZN sifarişçi Milli Konservatoriya tərəfindən ödənilmişdir. Qalan 2 866 103 AZN debitor borc isə 7 ildən çoxdur ki, tikinti şirkətinə ödənməyib. Nəticədə 2 839 000 AZN BTB Bank tərəfindən faiz və dəbbə pulu hesablanıb və bu günədək də bank kreditini ödəmək mümkün olmayıb. İndi təsəvvür edirsinizmi niyə bu işə təəccüb və təəssüflə yanaşırıq. Və onu da təsəvvürə gətirmək lazımdır ki, Azərbaycan tikinti sektorunda özünəməxsus yeri olan, 21 illik tarixə malik, hazırda çoxsaylı işçisi olan “Caspian Service” MMC hansı ağır duruma salınmışdır.

Bu illər ərzində tikinti şirkəti dəfələrlə Təhsil Nazirliyinin keçmiş və indiki rəhbərliyinə müraciət etsə də, demək olar ki, dövlətin idarəçilik sisteminin böyük bir qolu olan Təhsil Nazirliyi heç bir tədbir görməmişdir. Bütün bunlar azmış kimi Təhsil Nazirliyi şirkətin haqlarına da hörmətlə yanaşmır, daha doğrusu qanun pozuntusuna şərait yaradır. Təhsil Nazirliyi kompleksə daxil olan “E” blokunun başa çatdırılmasının 2020-ci ilin investisiya proqramına daxil edilmədiyini rəsmi məktubla bildirsə də, təhsil nazirinin müavini Firudin Qurbanov 2020-ci ilin sentyabr ayında şirkət rəhbərliyi və rektor Siyavuş Kərimi ilə görüşdə deyir ki, “E” blokunun tamamlanması üçün 2 milyon AZN vəsait ayrılıb və işlərin görülməsi başqa tikinti təşkilatına həvalə edilib. Odur ki, “Caspian Service” MMC həmin bloka nəzarət edən mühafizəçilərini obyektdən götürsün. Bildirəndə ki, görülən işlərə görə nazirlik şirkətə borcunu ödəməyib və “E” bloku hələ də şirkətin balansında və məsuliyyəti altındadır, ona görə başqa təşkilata verilməsi düzgün deyil, nazir müavini: “ nazirin tapşırığı belədir”-deyib şirkətin hüquqlarını görməzdən gəlib. Sual yaranır ki, necə olur ki, “Caspian Service” MMC-nin borcunu qaytarmaq lazım gələndə vəsait 2020-ci ilin dövlət büdcəsinə salınmır və vəsait olmur, amma şirkətin balansında olan “E” blokunun tamamlanmasının başqa təşkilata həvalə edilməsinə 2 milyon manat ayrılır?

Qeyd olunan blok demək olar ki, “Caspian Service” MMC-nin vəsaiti hesabına tikilib, amma sifarişçi tərəfindən görülmüş işlərin dəyəri ödənilməyib. Üstəlik, “Caspian Service” şirkətinə borc ödənilmədən qalıq işlərinin təmir adı altında başqa şirkətə həvalə edilməsi, eyni zamanda həmin şirkət haqqında məlumatların gizlədilməsi Təhsil Nazirliyinin qərəzli münasibətinin açıq göstəricisidir. Onu da deyək ki, 2019-cu ildə rektor Siyavuş Kəriminin xahişi ilə şirkət kompleksin icbari sığortasının da haqqını ödəmiş və bu günə kimi həmin vəsaiti almamışdır. Hazırda həmin sığortanın müddəti bitmişdir və baş verə biləcək arzuolunmaz hadisə nəticəsində dövlətə böyük məbləğdə zərər dəyə bilər.

Yuxarıda qeyd olunan problemlərin həlli üçün dəfələrlə Təhsil Nazirliyinə, Milli Konservatoriya rəhbərliyinə müraciət olunmasına baxmayaraq 7 il ərzində halal və heç bir mübahisə predmeti olmayan iş öz müsbət həllini tapmayıb. Təsəvvür edin ki, “Caspian Service” vacib dövlət tədbirinin məsuliyyətini dərk edib anlayış göstərir, obyekti təhvil verir, amma bu işi ondan xahiş edən və görülən işin dəyərinin tezliklə ödənəcəyini vəd edən dövlət strukturları 7 ildir ki, verdikləri vədə əməl etmirlər. Hətta Təhsil Nazirliyi şirkətin 02.10.2020-ci ildə olan məktubuna da cavab vermir. Məcbur qalaraq şirkət Təhsil Nazirliyini İnzibati məhkəməyə vermişdir ki, 15 iş günü ərzində cavab almalı olduğu məktuba 8 aydan sonra cavab ala bilsin.
Adətən ədalət məhkəmədə bərpa olunur. “Caspian Service” MMC Kommersiya məhkəməsinə müraciət edərək Milli Konservatoriyasından görülmüş işlərin dəyəri kimi 2 886 103 manat vəsaitin tutulmasını xahiş etsə də, iddiası təmin edilməmişdir.

Belə ki, şirkətin çoxsaylı vəsatətləri, rektorun məhkəmədə şəxsən iştirakı təmin edilməmiş, məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təmin edilməmişdir. İş həcmlərinin rektor Siyavuş Kərimi tərəfindən qəbul edilməsi barədə akt olsa da, hakim Leyla Əliyeva iddianı təmin etməmişdir. Hazırda şirkət işi Bakı Appelyasiya məhkəməsinə şikayət edir və ümid edir ki, apellyasiya məhkəməsinin daha təcrübəli və ixtisaslaşmış hakimləri qanuni qərar qəbul edəcək.
21.06.2021-ci ildə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkətin mühafizəsini obyektdən çıxarmışdır. Belə çıxır ki, “Caspian Service”-in balansında olan “E” blokunun tamamlama işləri şirkətin borcu ödənilmədən başqa təşkilata sifariş edilir. Bu isə şirkətin maraqlarına zidd olsa da, əlindən bir şey gəlmir. Özəl bir şirkətin heç bir inzibati resursu yoxdur ki, Təhsil Nazirliyi və ya digər məmurlarla mübarizə aparsın. Məcbur qalıb məsələ ictimailəşdirilməlidir ki, bəlkə səlahiyyətli şəxslər problemin həllinə diqqət ayırsın.

Yuxarıda qeyd olunan problemlər əmrlərin, müqavilələrin, müraciətlərin vaxtını, nömrəsini göstərən konkret rəqəmlərlə uyğun sənədlərdə öz əksini tapıb, amma rəqəmlərlə sizləri yormaq istəmədik və aydın bir məsələnin necə problemə çevrilməsinin səbəblərini göstərdik. İnanmaq istərdik ki, adıçəkilən strukturlar tezliklə məsələnin müsbət həllinə nail olacaqlar.

Redaksiyamız məsələni gündəmdə saxlayacaq, hadisələrin gedişatından asılı olaraq oxucuları yeni məlumatlarla tanış edəcək.
moderator.az

Top
8.5409328937531