Növbəti dəfə daxili işlər naziri cənab Vilayət Eyvazova ünvanlanmış müraciət onun göstərişi ilə qısa zamanda həllini tapıb.
Belə ki, bir neçə dəfə məhkumluq həyatı yaşamış və insanların etibarından istifadə edərək onlara maddi-mənəvi ziyan vurmuş, dələduzluq etmiş şəxs haqqında daxili işlər naziri cənab Vilayət Eyvazovun göstərişi ilə Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılıb. Araşdırmalar nəticəsində sözügedən şəxs, Bakının Yasamal rayonunda daimi qeydiyyatda olan Sarızadə Elşən Rasim oğlu ilə bağlı müvafiq tədbirlər görülüb. Özünü əsasən “polis əməkdaşı” və ya müxtəlif qurumların vəzifəli əməkdaşı kimi təqdim edərək insanların etibarından sui- istifadə edən, vətəndaşlara müəyyən vədlər verərək maddi və mənəvi ziyan vuran Elşən Sarızadənin törətdiyi əməllərinə görə barəsində bundan öncə də dəfələrlə müxtəlif maddələrlə cinayət işi açılıb, hətta məhkum olunub.
Xatırlatmaq yerinə düşər ki, ona Nəsimi rayon Məhkəməsinin 08 iyun 2021- ci il (iş N-1 (006)-199/2021) qərarı ilə bir il altı ay azadlığın məhdudlaşdırılması cəzasının verilməsinə baxmayaraq, eyni əməlləri təkrar törətməyə davam edib. Bu müddət ərzində istintaqdan yayınaraq gizlənib və bu səbəbdən, barəsində axtarış elan olunub. Axtarış nəticəsində Sarızadə Elşən Rasim oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Bakufakt.Az olaraq sözügedən şəxsin qanunun müvafiq tələblərinə uyğun cəzalandırılması barədə müraciətimizi diqqətə alaraq əsaslı həllinə tapşırıq verdiyi üçün daxili işlər naziri Vilayət Eyvazov cənablarına, bu tapşırığın həlli üçün göstərdiyi fəaliyyətə görə BŞBPİ və YRPİ rəhbərliyinə, əməkdaşlarına təşəkkürümüzü bildiririk.
Məhz daxili işlər naziri cənab Vilayət Eyvazovun müraciətimizə qısa zamanda verdiyi reaksiya və məsələnin həlli üçün tapşırığı, polis əməkdaşlarının bu tapşırığın icrası istiqamətində qısa müddətdəki nəticəyönümlü fəaliyyəti insanların etibarından sui-istifadə edərək onlara maddi-mənəvi ziyan vuran şəxsin əməllərinə hüquqi qiymət verilməsini şərtləndirib.
Məsələnin həllində böyük xidməti olan, öz peşə vəzifəsini layiqincə yerinə yetirən YRPİ-nin müstəntiqi Əsədov Elnur Oruc oğlunun da fəaliyyətini xüsusi qeyd etməyi özümüzə borc bilirik.
Bir daha əminliklə deyə bilərik ki, Azərbaycan polisi bizi qoruyur!
Rəşad Omar (Borcəli)