kriminal.az

 "Fire Land Production” və “Mənim oğlum qəhrəmandır” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər iki övladını şəhid verən 8 ananı öz evində qonaq edib.

Bu barədə o, İnstaqram hesabında yazıb.

“Artıq 3 ildir ki, bayramlarda onları öz böyüklərimdən daha vacib hesab edirəm. Şəhid anaları arasında 8 ana var ki, dərdləri ikiyə qatlanıb, bağırlarına iki daş bağlayıb bu dünyanı qeyri-ixtiyari yaşayırlar. Və özləri üçün deyil, bu Vətən üçün ömür sürürlər. Onların varlığı fədakarlığın ən yüksək örnəyidir. Vətənpərvərliyin zirvəsidir. Onlar yaşayarkən bizim heç nədən şikayətlənməyə ixtiyarımız yoxdur. Yalnız təşəkkür, minnətdarlıq, heyranlıq duyğusu var bu gözəl ruhlu anaların varlığı qarşısında…

Bu gün hər iki övladını şəhid verən 8 şəhid anasının 8 mart gününü qeyd etdik. Bu gün də onların yanında olmaq istədik. Qoşa itkilərini heç olmasa bircə gün diqqətimizlə, sevgimizlə doldurmağa çalışdıq. Övladları olmağa can atdıq. Onların yanında olmaqdan mənəvi rahatlıq tapdıq.

Qoşa şəhid verən 8 ana, böyüklüyünüz 8 mart gününə sığmasa da, üzünüzün bundan sonra hər gün gülməsini diləyirik! Sizin oğullarınıza görə bizim bayramlarımız var! Qadınların ən alisi sizsiniz! Yaşayın ki, yaşamaqdan utanmayaq!

İki övladını Vətənə fəda edən 8 şəhid anasının timsalında bütün şəhid analarını Qadınlar Günü münasibəti ilə təbrik edirəm!”

Tədbirin aparıcılığını Lalə Azərtaş edib. Əməkdar artistlər Elnarə Abdullayeva, Mirələm Mirələmov, xanəndə Zabitə Alıyeva, kamança ifaçısı Elnur Mikayılov və tarzən Zəki Vəliyev şəhid anaları üçün həzin mahnılar ifa ediblər, onların könlünü oxşamağa çalışıblar. Qiraətçi Xəzər Süleymanlı isə qəhrəman oğulların anaları üçün vətənpərvər ruhda şeirlər səsləndirib

 

Top
0.041670083999634