Məktəbli bir uşaq mobil operatorlara çağırış etmək üçün video çarx hazırlayaraq “Youtube” video portalına yerləşdirib.
YPX.AZ xəbər verir ki, məktəbli xüsusi karantin rejimi günlərində onlayn dərslərə qoşulmaq istədiyini, bunun üçün də internet probleminin olduğunu bildirdiyi video çarx hazırlayaraq mobil operatorlara çağırış edib. O, həyətlərində velosipet sürməkdən, oyunlar oynamaqdan bezdiyini bildirərək, dərs oxumaq istədiyini deyib. Bunun üçün də internet lazımdır ki, məktəblilər elektron dərsliklərdən yararlana və onlayn dərslərə qoşula bilsinlər.
Videonun paylaşıldığı kanala nəzər saldıqda məktəblinin müxtəlif mövzularda hazırladığı video materialların olduğu da görünür. Həmin videolardan birində həmin məktəbli, müəyyən obraz yaratmaq üçün papaq və başqa geyimlərdən istifadə edib. Məktəbli xüsusi əl hərəkətləri edərək müxtəlif narkotik vasitələrin adını sayır və onlardan istifadə barəsində qafiyələr deyir.
Sosial şəbəkələrdə narkotik vasitə, avtoxuliqanlığın təbliğ edildiyi paylaşımları izləyərək belə maraqları yaranan azyaşlılar təbii ki, ödənişsiz və ya güzəştli internet paketlərindən istifadə edərək, onlayn dərslərə deyil, gənclərimizin düşüncələrini korlayan, gələcəklərini təhlükə altında qoyan paylaşımları izləməklə keçirəcəklər.
O, uşaqdır. Anlamır, doğru analiz edə bilmir və açıq-aşkar haqqında danışılan, mahnılar yazılıb, paylaşımlar edilən şeylərə maraq göstərməsi normaldır. Biz bununla cəmiyyət olaraq mübarizə aparmalıyıq. Əlbətdə ki, bu mübarizəni ilk olaraq validəynlər aparmalı, diqqətli davranaraq övladlarının maraq dairələrini nəzarətdə saxlamaqla, onlara sağlam gələcək bəxş etmək üçün səy göstərməlidirlər. Cəmiyyətin hər bir üzvü isə, ən azından bu kimi təbliğatları qınaq obyektinə çevirərək, bu qədər sərbəstliyin olmasına şərait yaratmamalıdır. Bizim düşmənimiz təkcə hansısa bir korona virusu deyil. Bizlər ancaq bir virusa görə birləşməli, bir-birimizə dəstək olmalı deyilik. Bizim gələcəyimiz olan uşaqların, yeniyetmələrin düşüncələrinin sağlam olması üçün bizlər birlik-bərabərlik göstərməliyik.
Bəli, biz birlikdə güclüyük. Bu ifadə son günlərdə hər kəsin dilindədir. Biz daima birlik nümayiş etdirməli, həmrəy olmalıyıq. İldə bir dəfə keçirilən konsertlərdə həmrəylik gününü qeyd etməklə deyil, ilin hər günü həmrəylik nümayiş etdirməklə gələcəyimizin, cəmiyyətimizin doğru formalaşmasına töhfə verə bilərik.
Əlavə olaraq qeyd edək ki, məktəblinin mobil operatorlara olan çağırışı təhsil müəssisələrindən uzaq düşmüş məktəblilərimiz üçün faydalı və önəmli bir çağırışdır. Biz də bu çağırışa dəstək oluruq və mobil operatorların bu günlərdə məktəblilərə dəstək olmaq məqsədi ilə bu addımı atmalarını hər halda ölkə təhsilinin və gələcəyimiz olan uşaqların fərdi inkişafları üçün uğurlu addım hesab edirik.
Videoya baxmaq üçün bura daxil olun