kriminal.az
Lənkəranda qaziləri döydürən sahibkarın onların üstünə şər atmaq cəhdi uğursuz alınıb,Cəzası nə olacaq?-FOTO

Ötən ilin dekabr ayında bir sıra xəbər portallarında Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən “Ceyranbulaq” restoranında baş vermiş kütləvi dava və həmin insident nəticəsində Qarabağ qazisinin xəstəxanaya yerləşdirilməsi faktı ictimailəşdirilmişdi. Xəbər verilmişdi ki, dava Lənkaran rayonundan olan 6 nəfər Qarabağ qazisi restoranda yemək yeyəndən sonra baş verib. Məlumata görə, davada 10-dan yuxarı adam iştirak edib. Qazilərdən döyülərək xəsarət alanlar vardır. Hadisə barədə polisə məlumat verilmiş, Lənkaran rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldığı qeyd olunmuşdu.
O vaxtdan həmin məsələnin təfərrüatları və araşdırmanın nəticəsi barədə hüquq-mühafizə orqanlarından heç bir açıqlama verilməmişdi. Lakin bu günlərdə həmin hadisə vaxtı döyülmüş qazilərdən biri–Murad Rəhimov “Tik-tok” sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək, həmin faktı müşayiət edən bəzi neqativ halları açıqlayıb. Bu məsələ ilə bağlı M.Rəhimova zəng edib təfərrüatları öyrəndik. M.Rəhimov bildirdi ki, ehtiyatda olan zabitdir. 2-ci qrup müharibə əlili ola-ola, döyüşə girməkdən çəkinməyib. Hazırda dövlətdən aldığı pensiya və təqaüdündən ehtiyacı olan kimsəsizlərə, maddi vəziyyəti ağır olan qazi yoldaşlara əl tutur. Həmin gün daha 5 nəfər qazi dostları ilə birgə adı çəkilən restorana xörək yeməyə gediblər. Onlara verilən xörək keyfiyyətsiz, daha dəqiq desək, ətin yaxşı bişməmiş olduğuna görə irad bildiriblər. Bu isə restoranı işlədən Rəşad Həsənovun və Günay adlı inzibatçı xanımın xoşuna gəlməyib. Müştərilərə sərt cavab verilib: “Bizdə belədir, yeyirsiniz yeyin, yemirsiniz özünüz bilərsiniz”. Təbii ki, müştərilər öz istehlakçı hüquqlarını, xidmətə görə pul verdiklərini xatırladıblar. Söhbət çəpləşib. Mübahisəyə Rəşadın daha bir neçə nəfər qoluzorlu tanışı qoşulandan sonra davaya çevrilib və nəticədə sağlıq durumları onsuz da ürəkaçan olmayan qazilər döyülüb.Murad Rəhimov və Nəcəfli Nurlan adlı daha bir qazi xəstəxanalıq olublar, digərləri isə yüngül xəsarət alıblar. Şikayətçi ona tibbi yardım göstərildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Patoloji Anatomiya Mərkəzinə təqdim etmək məqsədilə aldığı 13 dekabr 2023-cü il tarixli arayışın da fotoşəklini redaksiyamıza göndərmişdir. Həmin arayışla təsdiqlənir ki, ona “gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığı diaqnozu” qoyulub.
Daha sonra Murad Rəhimov onun özünü və qazi yoldaşlarını bəlkə də döyülməyin fiziki əzabından daha artıq mənəvi iztirab çəkdirən başqa bir neqativ olaydan bəhs etmişdir. Polisə şikayət etmələrindən iki gün sonra onları şöbəyə çağırıb bildiriblər ki, restoran müdiriyyəti də qarşılıqlı şikayət verib. Bildirilib ki, bəs guya qazilər xörək yeyib gedəndə onların əyləşmiş olduqları masanın üstündə içində narkotik maddə  olan qutu qalıbmış. Polis əməkdaşının müşayiəti ilə qazi yoldaşların hamısı narkoloji mərkəzə aparılıb və onlar testdən keçiriliblər. Lakin testin nəticəsində onların analizində narkotik aşkarlanmayıb.
 


Diqqətiçəkən məqam burasıdır ki,Parakənd kəndində yerləşən insidentlərin baş verdiyi Ceyranbulaq istirahət mərkəzinin əsl sahibi, hazırda ABŞ-da yaşadığı bildirilən Astara rayonun Pensər kənd sakini Əliyev Novruz Vaqif oğludur. Həsənov Rəşad Xalıq oğlu isə Novruzun qohumudur.
Murad Rəhimovdan telefon nömrəsini öyrənib əlaqə saxladığımız 2-ci qrup Qarabağ müharibəsi əlili Nurlan Nəcəfli də qazi yoldaşının danışdıqları ilə üst-üstə düşən məlumatı verdi. Müharibədə yaralandığı vaxt sol əlinin vətərinin yırtıldığını deyən Nurlan bildirdi ki, Muradı ilk olaraq məhz Rəşad vurub və onları aralaşdırmaq istərkən, onu da döyüb məhz xəsarətli əlini əziblər. Xəsarətinin Lənkəran Mərkəzi Xəstəxanasında təsdiqləndiyini qeyd edən Nurlan Nəcəflinin sözlərinə görə, məruz qaldıqları narkotestin nəticəsi neqativ çıxandan sonra üstlərinə atılan böhtanın hansı yerə yozulması çox müəmmalıdır. 3 qız övladının atası olan Nurlan Nəcəfli deyir ki, böhtan olsa da belə, narkotik ittihamı ailə üzvlərinin, eşidib-bilən qohum-əqrəbasının, dost-tanışının yanında onun nüfuzuna xələl gətirmiş, məsələ ilə maraqlananlara izahat vermək, inandırmaq məcburiyyətində qoymuş, bir sözlə, mənəvi iztirab yaşatmışdır: “Niyə hamı eşitməliydi ki, biz narkoloji müayinəyə aparılmışıq?
Ortaya haqlı suallar çıxır: Bəyəm qanunla hamının (bizim misalda ictimai iaşə obyektinin işçilərinin) lap elə narkotik istifadəçilərini döymək ixtiyarı varmı? İaşə xidmətçisinin müştərinin oturduğu masada hansısa əşyasının qaldığını deməsi yetərli sayılırmı? Əşyanı müştəri masanı tərk edəndən sonra xidmətçinin özünün qoymadığının sübutu kimi xidmət edən dəlil varmı? Restoran müdiriyyətindən qazilərin üstünə uğursuz alınmış şər atmaq cəhdinə görə məsuliyyət tələb olunacaqmı? Ümumiyyətlə, adları çəkilən cənub rayonlarının icra hakimiyyətləri başçılarının qazilərə qarşı bu “səlib yürüşü”nə münasibəti necədir? Xaricdə hansı yolla əldə etdiyi məlum olmayan pullarla Vətəndə "qoçu dəstələri" saxlayan, Vətənin uğrunda sağlamlığını itirmiş qaziləri şil-küt etdirən  iş adamlarına “gözün üstə qaşın var” deyən olacaqmı?Döyülmüş Qazilər Ölkə rəhbərinə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək kömək isdəyirlər.
Xəsarət almış qazilər bu işin ədalətli araşdırılacağına,bunlara xəsarət yetirmiş və şər böhtan atmış şəxlərin əməllərinə lazimi hüquqi qiymət veriləcəyinə inanır və çox böyük ümid bəsləyirlər. /mediatv.az/

Top
0.088959932327271