Qəbələnin ucqar kəndlərindən olan Bumda istifadəyə verilən yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq.
Uzun illərdir məktəbdə tədris aparan müəllim Tofiq Qaragözov ”Report”a bildirib ki, 624 şagirdin təhsil alacağı məktəbdə 68 müəllim kollektivi və 21 texniki işçi heyəti çalışacaq.
Pedaqoq deyib ki, yeni məktəb Bum qəsəbəsində yaşayan uşaqların gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş kimi yetişməsində böyük rol oynayacaq:
“Bu, gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır”.
Onun sözlərinə görə, yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur:
“Biz bilirik ki, ölkədə quruculuq işləri təkcə işğaldan azad olunmuş ərazilərdə getmir. Dövlət başçısı ölkənin bütün regionlarının dinamik və tarazlı inkişafı məsələlərini diqqətdə saxlayır. Ölkə başçısının bölgələrə səfəri, yeni sosial obyektlərin açılışı buna bariz nümunədir. Qəsəbəmizdə inşa olunan yeni məktəb binası da bu qəbildəndir”.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında .
Qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaratmışdı. Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, iki informatika kabinetindən, iki texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir.