Yay transfer pəncərəsində PSJ-ni tərk edəcək hücumçu Kilian Mbappe “Real Madrid”ə keçmək üçün maaşının azaldılmasına razılaşıb. Futbolçu “qaymaqlılar”ın düşərgəsində təxminən 15 milyon avro (27,2 milyon manat) alacaq.
Bu barədə AS öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, Mbappe, həmçinin imic hüquqlarının 80%-nə sahib olacaq, bunun sayəsində onun gəliri, demək olar ki, iki dəfə arta bilər.
Qeyd edək ki, daha əvvəl Kilianın “Real”la 2029-cu ilə qədər müqavilə imzaladığı məlum olmuşdu. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubu tərk edəcəyini dediyi bildirilib.
Həmçinin “qaymaqlılar”ın prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər heyətinə Mbappenin “Real Madrid”in yeni oyunçusu olacağı barədə məlumat verib.
Mbappe bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 43 oyun keçirib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 180 milyon avrodur.