kriminal.az
Həbsdə olan sayt rəhbəri baş prokurora müraciət edib Cəmiyyət

2018-ci ildə həbs olunmuş “Reallıq-info” saytının rəhbəri İkram Rəhimov Azərbaycanın baş prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb.      

İ.Rəhimov müraciətində öncə 2018-ci ildə həbs olunmasının səbəblərini ölkə prokurorunun diqqətinə çatdırır.

Onun deməsinə görə, 2018-ci il oktyabrın 26-da baş redaktoru olduğu saytda “Əli Həsənova açıq məktub-özümü yerinizə qoya bilmədim” başlıqlı məqalə dərc edilib (prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov nəzərdə tutulur-red.). Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Yeri gəlmişkən, baş redaktor saxlanmasını da qanunsuz adlandırır: “Yazının saytdan çıxarılmasına rədd cavabı verdikdən sonra barəmdə cinayət işi qaldırıldı. Məhkəmənin qanunsuz qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum olundum. Hazırda Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində məhkəmənin saxta qərarına əsasən hüquqlarım pozulmaqdadır”.

Baş redaktora görə, vəziyyətin həbsə qədər gəlib çıxması bir-iki günün məsələsi deyil və bu davamlı təzyiq və təqiblərə səbəb Əli Həsənov və onun qanunsuz şəbəkəsinin fəaliyyətinin ictimailəşdirilməsidir.

İ.Rəhimov əlavə edir ki, ölkə mediasındakı vəziyyətə, qəzetlərə ayrılan yardımların ədalətsiz olmasına, jurnalistlər üçün tikilən binalarda korrupsiya və mənimsəlmələrə dair məqalələr yazıb.

Baş redaktor deyir ki, buna görə Ə.Həsənov və onun yaxın ətrafı tərəfindən təqib, təzyiqlərə məruz qalıb: “Məhkəmə qərarı olmadan başçılıq etdiyim sayta giriş bloklandı. Bu yolla istəklərinə nail ola bilmədikdə  Ə.Həsənov Prezident Administrasiyasına dəvət etdi, birgə əməkdaşlıq üçün müxtəlif  təkliflər oldu, rədd cavabı verdikdən sonra qarşı tərəf həbs olunacağım barədə xəbərdarlıq etdi”.

İ.Rəhimov baş prokurora müraciətində həbsinə əsas ola biləcək heç bir cinayətə yol vermədiyini deyir: “Heç bir cinayət və konflikt olmadığı halda saxta, montaj olunmuş səs yazılarına əsasən istintaq təqibi aparıldı. İlkin isintaq materialları, məhkəmə prosesləri zamanı dindirmələr təqsirsizliyimi sübuta yetirsə də hakimlər həbsimi sifariş edən prezidentin keçmiş köməkçisi Ə.Həsənovun tələbini yerinə yetirməklə qanunları pozdular”.

Baş redaktor bununla bağlı keçmiş baş prokurora (Zakir Qaralov nəzərdə tutulur-red.) ittihamdan da, məhkəmə hökmündən də dəfələrlə müraciət etdiyini deyir: “Ə.Həsənovun qanunsuz şəbəkəsinin fəaliyyətinin ictimailəşdirilməsinə əngəllər yaradılmaqla dövlətə milyonlarla ziyan vuran və milyonlarla vəsaiti saxta yollarla mənimsəyənlərin əməllərinin gizli qalmasına səy göstərildi”, - İ.Rəhimov bildirir.

Daha sonra isə İ.Rəhimov ölkə mediasına nəzarət edən prezidentin keçmiş köməkçisi Ə.Həsənovu və KİV-lərə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlini  KİV-lərə ayırlan vəsaitləri mənimsəməkdə, jurnalistlər üçün tikilən binalarda mənzillərin bölüşdürülməsi zamanı özbaşınalıqlarda ittiham edir.  

Baş redaktor maddi vəsaitlər ayrılan qəzetlərin heç də hamısının ölkədə populyar qəzetlər olmadığını diqqətə çatdırır: “Ə.Həsənov və V.Səfərlinin nəzarət və tapşırığı ilə yardım edilən qəzetlərin siyahısı məlum edir ki, 10-a yaxın qəzet bu şəxslərin yaxınlarına aiddir. İldə 120 min manat yardım edilən qəzetlər mətbəələrdə 500 nüsxə tirajla çap olunur və pullar bu qəzetlərə yalançı hesabatlar əsasında verilir”.

Onun iddiasına görə, jurnalistlər üçün tikilən binalarda mənzilləri V.Səfərlinin  rəhbərliyi ilə Ə.Həsənov və onun şəbəkəsinə daxil olanların yaxın qohumlarına  paylayıblar.

Baş redaktora görə, Mətbuat Şurasnın hər ay dövlət qurumlarından, o cümlədən SOCAR-dan topladığı pulların hesabı sorulmalıdır.

İ.Rəhimov bəzi Şura üzvlərinin adlarını sadalayaraq bu və digərlərinin qanunsuz maliyyələşdirilməsi, saxta yollarla dövlət vəsaitlərinin və əmlakının mənimsənilməsi kimi hallara hüqüqi qiymətin verilməli olduğunu qeyd edir.

Onun fikrincə, Ə.Həsənovun “Kaspi Tədris Mərkəzi” adı ilə fəaliyyət göstərən qurumun fəaliyyəti araşdırılmalı və hər il vergidən yayındırılan milyonların hesabatı verilməlidir.

Baş redaktora görə, Ə.Həsənov və ətrafının qanun qarşısında  cavab verməsi və ya istintaqa cəlb olunması üçün saxta şahid və ya zərərçəkmişlərə ehtiyac yoxdur. Dövlətin ziyan gördüyü şəxslərin ədalət mühakiməsinə gətirilməsi Respublika Baş Prokurorluğunun ali vəzifə borcudur. Ümid edirəm ki, Baş Prokurorluq bu əməllərə qiymət verəcək. Əks təqdirdə, bu dövlətdə cəzasızlıq, sifarişli qərarların icrası hökm sürəcək”, - həbsdə olan baş redaktor baş prokurora müraciətini tamamlayır.   

“Realliq.info” saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs  edilib. 2019-cu il iyunun 12-də məhkəmə jurnalisti 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist isə məhkəmədə həbsinin Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.

“Mən Əli Həsənovla bağlı tənqidi məqalə dərc etdikdən sonra Mətbuat Şurası mənimlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluğa müraciət etdi. Bu, mətbuat tarixində görünməmiş bir hadisədir. Jurnalıistlərin təsis etdiyi təşkilat jurnalistin həbsini istəyir”, -  o qeyd edib.

Jurnalist həmçinin Avropa qurumları tərəfindən ayrılan qrantların və dövlətin medianın inkişafına ayırdığı vəsaitin hökumət məmuruna yaxın media qurumları arasında bölündüyünü deyib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.Vəkil həmçinin eyni səbəbdən İ.Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq İ.Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O, sentyabrın 4-dək aclığı davam etdirib.

ABŞ-dakı Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətindən jurnalist İ. Rəhimovun təqibinə son qoymağı və onun həbsdən dərhal azad olunmasını tələb edib.

2019-cu il sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə “Realliq.info” saytının redaktoru İkram Rəhimovun həbs müddəti 5,5 ildən 3 ilə endirilib. Araz.az

Top
0.044595003128052