kriminal.az
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? - FOTO/VİDEO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının altı tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı iki-səkkiz ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.

Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar altı-səkkiz hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.

Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.

Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 20% təşkil edir.

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Top
0.04267406463623