kriminal.az
Şimali Kiprdən olan şəhid qızı:

"Şuşada Azərbaycan əsgərinin keçdiyi döyüş yolunu gördükcə, bir şəhid övladı olaraq, həm qürurlanır, həm də duyğulanıram".

Bunu "Report"un əraziyə ezam olunmuş əməkdaşına açıqlamasında Şimali Kiprdən olan şəhdi qızı Reyhan Kəşmir deyib.

R.Kəşmir 1991-93-cü illərdə Qarabağdan başlayan məcburi köç karvanının ona yaxşı tanış olduğunu vurğulayıb:

"O zaman biz altı övlad, həm də çox kiçik idik. Həmin illərdə həm atamı itirdim, həm də məcburi köçkünlük həyatını yaşadıq. Köçkün olduğumuz illərdə yarımtikili binalarda məskunlaşdıq. Elə vaxt olurdu ki, 84 adam bir balaca otaqda, ya da çadırlarda gecələyirdik. Ancaq Türkiyə Cümhuriyyətinin müdaxiləsindən sonra biz də öz müstəqilliyimizə qovuşduq".

Şimali Kiprdən olan şəhid övladı Azərbaycan əsgərinin Şuşanı azad etmək üçün keçdiyi sıldırım qayalıqlara baxarkən çox duyğulandığını dilə gətirib:

"Mən bu gün Qarabağdayam, ağrı-acımız, taleyimiz eyni olub. Mən indi burada çox qürurluyam. Şuşada Cıdır düzündə oldum, Azərbaycan əsgərinin keçdiyi o qayalara baxıram, o əsgərlərimizin vətən torpağı üçün dişi-dırnağı ilə o qayalara qalxaraq necə savaşdığını düşündükcə həm qürurlanır, həm də çox duyğulanıram. Qismət olarsa, Qarabağın tamamilə bərpa olunmasından sonra da bu yerlərə yenə gəlmək istərdim".

Top
0.042967796325684