Rumıniya hakimiyyəti Rusiya səfirliyinin diplomatını ölkə ərazisində arzuolunmaz şəxs elan edib.
Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rumıniya hakimiyyəti 1961-ci il "Diplomatik Münasibətlər haqqında" Vyana Konvensiyasının müddəalarına zidd hərəkətlərə görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını Rumıniya ərazisində arzuolunmaz şəxs elan etmək qərarına gəlib", - diplomatik departamentin açıqlamasında bildirilir.
Bununla bağlı Rusiya Federasiyasının bu ölkədəki müvəqqəti işlər vəkilinə Rumıniya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bundan əvvəl Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) Rumıniya vətəndaşının dövlətə xəyanət ittihamı ilə ölkədə ilkin saxlanılmasını elan edib. Məlumata görə, o, Rumıniya və ya NATO hərbi obyektlərinin fotoşəkillərini Rusiyanın Buxarestdəki səfirliyinə göndərib.
Mənbə: TASS