kriminal.az
Azərbaycanda üç zavod satışa çıxarıldı - QİYMƏTLƏR

Azərbaycanın ən iri şirkətlərindən biri olmuş "Gilan Holdinq"in inşa etdirdiyi süd emalı zavodları satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunlar Tərtər, Ağcabədi və Zaqatala rayonlarındakı süd emalı zavodlarıdır.

Belə ki, Tərtərin Buruc kəndində yerləşən zavodun tikili sahəsi 4 198,2 kvadratmetrdir. 1,5 hektar əraziyə malik olan müəssisə avadanlıqları ilə birlikdə 1 600 000 manata satılır.

Ağcabədi şəhərində yerləşən digər süd emalı zavodunun tikili sahəsi isə 4500 kvadratmetrdir. 2 hektar ərazini əhatə edən zavod avadanlıqları ilə birlikdə 1 750 000 manata satışa çıxarılıb.

Zaqataladakı süd emalı zavodu isə rayonun Muxax kəndində yerləşir. Ümumi sahəsi 4070,1 kvadratmetr olan müəssisə 5 hektar ərazidə inşa olunub. Bu zavod isə 1 730 000 manata təklif olunur.

Zaqatala Süd Emalı Zavodunun 2010-cu ildə, Ağcabədi Süd Emalı Zavodunun 2011-ci ildə, Tərtər Süd Emalı Zavodunun isə 2012-ci ildə açılışı olub.

Xatırladaq ki, "Gilan Holdinq" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Holdinq ötən ilin iyulunda adını "Xəzri Solutions"a dəyişib. Amma cəmi bir aydan sonra "Gilan Holdinq"in adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" ləğv olunduğunu elan edib.

Top
0.048932075500488