"Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd isə təhsil ocaqlarında nizam-intizamın qaytarılmasıdır. Bu yoxlamalar iki istiqamətdə aparılır".
Kriminal.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır:
"Bu yoxlamalar iki istiqamətdə aparılır. Birinci istiqamət daha çox məktəblərə kömək etmək məqsədi daşıyır. Əsas odur ki, məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. Bu yoxlamalar davamlı olacaq. Çalışırıq ki, nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4 400 orta məktəbi eyni anda yoxlamaq və onlara nəzarət etmək qeyri-mümkündür. Ona görə də müəyyən alqoritm əsasında yoxlamaları həyata keçiririk".
Könül Cəfərli