kriminal.az
Etibar Əliyev:

Dövrümüzün inkişaf tendensiyası yeni ixtisaslara zərurəti artırır. Əvvəllər ixtisas olacağını düşünmədiyimiz sahələrdə insanlar çalışaraq pul qazanırlar.

Bəs Azərbaycanda hansı yeni ixtisasların tədrisinə ehtiyac var?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, dövr dəyişdikcə, süni intellekt inkişaf etdikcə, dördüncü sənaye inqilabının paradiqmaları çoxaldıqca yeni ixtisaslara zərurət yarandığını vurğulayıb:

"Yeni dərsliklərin yazılmasına, ixtisasların təkmilləşməsinə böyük ehtiyac var. Hələlik bu istiqamətlərdə keyfiyyətli dərslik hazırlamaq potensialımız zəifdir. İKT, süni intellekt , kibertəhlükəsizlik sahələrində ən yaxşı ədəbiyyatları seçib tərcümə edərək tələbələrin ixtiyarına vermək lazımdır. Bizdə dərslik problemi var. Köhnə dərsliklərdən istifadə olunur. Açıq etiraf edək ki, müəllimlər öz biliklərini yeniləmirlər. Bu da formalaşan yeni cəmiyyətin tələbləri ilə səsləşmir".

Milli Məclisin deputatı qeyd edib ki, ali məktəblər dünyada texnologiyalar sahəsində baş verən yeniliklərlə magistrları, doktorantları tanış etməlidir:

"Belə olduğu halda onlarda yeni tədqiqatlara motivasiya formalaşacaq. Təəssüf ki, bu tendensiya çox aşağıdır. Köhnə metodlardan, dərsliklərdən istifadə etməklə tədrisi yola verməyə çalışırlar. Cənab Prezident inaqurasiya mərasimində bu məsələyə toxunaraq bildirdi ki, elə sahələr var ki, bizim geri qalmağa ixtiyarımız yoxdur.

Bunun üçün dəyirmi masalar keçirilməlidir, aidiyyəti şəxslər dinlənilməlidir. Problem dərinləşmədən önünü kəsməliyik".

"Son 20 ildə bir azərbaycanlı şagird Riyaziyyat Olimpiadasından ölkəmizə qızıl medal gətirə bilmir. Bu statistika Qazaxıstanda 16, Moldovada 8, Gürcüstanda 4-dür. Riyaziyyatsız digər elmlərin inkişafından söhbət gedə bilməz", - deyə deputat əlavə edib.

Top
0.042083978652954