kriminal.az
Azərbaycanda qarayaraya yoluxan şəxslərin son durumu AÇIQLANDI

Qarayara diaqnozu ilə xəstəxanaya yerləşdirilən Zaqatala rayonu Faldarlı kənd sakinlərinin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər üç şəxs mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir".

"Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Kriminal.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar:

"Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər iki xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".

Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Faldarlı kəndində, kənd sakini, 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.

Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumatda fakt təsdiqlənib.

Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan da müvafiq nümunələr götürülüb, laboratoriyada yoxlanmaq üçün göndərilib.

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam ediliblər.

Nəzrin Vahid

Top
0.042407035827637