kriminal.az
MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

"İbrahim-Q" MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İyunun 30-da saat 00:30 radələrində paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində A.Quliyevaya məxsus evin qapısının sındırılması, fəhlələr, həmin şirkətin vəzifəli şəxsləri tərəfindən ev sahibəsinin məcburi formada evdən çıxarılması, daha sonra traktorla əşyaları içində ola-ola evin qəsdən sökülməsi, külli miqdarda maddi ziyan vurulması və onun sağlamlığına xəsarətlər yetirilməsi üzrə polisə daxil olan müraciət üzrə bütün xüsuslar araşdırılmaqla müvafiq ekspertizalar təyin edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Kriminal.Az-a bildirilib.

Qeyd olunub ki, araşdırma çərçivəsində həmin şirkətin rəhbər və işçiləri, şikayətçi xanım polis bölməsinə dəvət ediliblər. Polis əməkdaşları tərəfindən bütün xüsuslar üzrə tərəflərin izahatları alınıb, sübutlar toplanılmaqla zəruri tədbirlər icra olunub. Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Bildirilib ki, şikayətçiyə polis əməkdaşları tərəfindən təzyiq edilməsi iddiaları həqiqəti əks etdirmir. Hadisə baş verən vaxt polis əməkdaşları ərazidə olmayıblar, yalnız müraciətdən sonra polis əməkdaşları əraziyə yaxınlaşaraq tərəflər arasında mübahisəni dayandıraraq araşdırılması üçün onları polis bölməsinə dəvət ediblər.

Almaz Qasımova

Top
0.2144889831543