ABŞ terrora, zorakı yolla hakimiyyət dəyişikliyinə qarşı çıxır. Nə qədər qəribə olsa da, hər iki cinayət bu ölkədə baş verir.
Beləliklə, ölkə tarixi siyasi rəqabətdə zorakı üsullardan istifadə nümunələri ilə zəngindir.
Endryu Cekson, Avraam Linkoln, Ceyms Abram Qarfild, Uilyam MakKinli, Teodor Ruzvelt, Franklin Ruzvelt, Con Kennedi, Cerald Ford, Ronald Reyqan, Corc Buş (ata), Corc Buş (oğul), Barak Obama sözügedən hücumların hədəfi olublar. Onlardan Avraam Linkoln (1865), Ceyms Qarfild (1881), Uilyam MakKinli (1901) və Con Kennedi (1963) prezident kürsüsündə həyatını itiriblər.
Bununla yanaşı, 1968-ci ildə ABŞ-də yaşayan qaradərili əhalinin hüquqlarının müdafiəçisi Martin Lüter Kinqin öldürülməsi, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktı, 2020-ci ilin yanvarında çevriliş məqsədilə Respublikaçılar Partiyasından olan Donald Trampın tərəfdarlarının Kapitoliyaya hücumunu xatırlamaq kifayətdir.
İyulun 13-də ABŞ-də prezidentliyə namizəd Donald Tramp son anda 20 yaşlı terrorçunun sui-qəsd planından qurtuldu. Bir sıra dünya liderləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də bu cinayəti pisləyən bəyanat verib.
Qeyd edək ki, bu ilin noyabrında ABŞ-də prezident seçkisi keçiriləcək. Bu baxımdan sui-qəsd cəhdi siyasi terror və zorakılıq aktıdır. Yuxarıda buna dair nümunələrdən bəhs etdik. Siyasi rəqiblər məhz bu cinayət yolu ilə sıradan çıxarılır. Məhkəmə və digər inzibati resurslardan sonra siyasi rəqibin sıradan çıxarılması üçün bu vasitələrə əl atılır. Donald Trampa qarşı çoxsaylı məhkəmə prosesləri bir nəticə vermədiyindən ona qarşı sui-qəsdən istifadə edilib.
Prezidentliyə namizədə sui-qəsd cəhdinin ört-basdır edilməsi ABŞ-də və dünyanın başqa ölkələrində mümkün terror cinayəti üçün şəraitin yaradılması, yaxud onun himayə edilməsi üçün əsas ola bilər. Bu baxımdan onun sifarişçilərinin müəyyənləşdirilməsi vacibdir.
Təəssüf ki, ABŞ-də bu kimi siyasi terrorların izləri silinir. Məsələn, yarım əsr keçsə də, Con Kennediyə qarşı terror cinayətinin üstü açılmayıb. Bunu açılmayan cinayətlər siyahısına daxil ediblər. Ancaq bu terror aktının siyasi sifariş olduğu istisna deyil. Həmin cinayətin üstünün açılması siyasi maraqlar baxımından məqsədəuyğun sayılmır.
Prezidentliyə namizədə qarşı sui-qəsd cəhdi həm də ABŞ-də təhlükəsizliyin təmin olunmasına şübhə yaradır. Bu ölkənin siyasi baxımdan təhlükəsiz ərazi olmadığının göstəricisi sayıla bilər. ABŞ-də prezident seçkisinin keçiriləcəyi gün yaxınlaşdıqca gərginlik daha da arta, yeni sui-qəsd və hücumlar baş verə bilər. Belə olan təqdirdə ABŞ-yə ziyarət edənlər üçün də təhlükə yaranar. Ona görə Azərbaycan vətəndaşlarına bu ölkəyə səfərləri müəyyən müddətə təxirə salması məsləhət görülür.
Beləliklə, dünyada terrora qarşı mübarizəyə başçılıq edən ABŞ-də seçkiqabağı dövrdə prezidentliyə namizədə sui-qəsd cəhdi ölkənin beynəlxalq nüfuzuna xələl gətirən hadisədir. ABŞ böyük olduğu üçün çoxsaylı düşmənləri də var. Bura adi terror qruplarından tutmuş dünyaya ağalıq iddiasında olanlar da daxildir. Bu baxımdan ABŞ-nin düşməni həmişə qapıdadır.
"Report" İnformasiya Agentliyi