Rusiyada içərisində uşaqlar olan katerdə partlayış baş verib. Hadisə nəticəsində uşaqlar yanıq xəsarəti alıblar.
Kriminal.Az-ın "Shot" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, qorxunc hadisə Moskva vilayətində baş verib.
Bildirilir ki, Kudinovo karxanasının sahilində istirahət edən iki ailəyə 69 yaşlı kişi yaxınlaşaraq qayıqla uşaqları gəzdirməyi təklif edib. Valideynlər razılaşıblar. Beləliklə altı-doqquz yaş arası uşaqlar və onlardan birinin anası qayıqla gəzməyə çıxıblar.
Ancaq gəzinti zamanı mühərrik bölməsində partlayış baş verib. Uşaqlar bir anda alovların içində qalıblar, onlardan bəzilərinin saçları alışıb.
Ümumilikdə qadın və üç məktəbli xəsarət alıb.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Həkimlərin sözlərinə görə, iki bacı ikinci dərəcəli yanıq xəsarəti alıb. Ən çox zərər çəkən mühərrikin yanında oturan doqquz yaşlı oğlan olub. Onun qulağı, üzünün bir hissəsi və əli daxil olmaqla bədəninin 10%-i yanıb.
Partlayışın səbəbləri araşdırılır.
Polis qayıq sahibini saxlayıb, araşdırma aparılır.