kriminal.az
Dünya futbolunda alovlanan transfer bazarı: Bu yay kifayət qədər ciddi keçidlər baş tutub

Dünya futbolunda yay transfer pəncərəsi davam edir. Artıq bir neçə yüksək ödənişli keçid həyata keçirilib, bəzi oyunçularla bağlı şayiələr davam edir. Pəncərə bağlanana qədər daha bir neçə böyük transferin reallaşacağı gözlənilir. Gənc, hətta bəzi hallarda özünü təsdiqləməmiş oyunçulara ödənilən yüksək məbləğlər futbol sənayesində şişirdilmiş qiymətlərin tüğyan etməsi narahatlığını artırıb. Əgər əvvəllər, məsələn, 40 milyon avro super ulduzlar üçün ödənilirdisə, indi sadəcə bir mövsüm müəyyən qədər diqqətçəkən oyunçular üçün bu və daha artıq rəqəmlər ödənilir.

Transfer bazarı bu vəziyyətə necə düşdü?

Əgər futbol tarixində ilk transfer üçün XIX əsrin ortalarında 100 funt-sterlinq xərclənmişdisə, XX əsrin sonlarında bu rəqəm bir neçə milyonla ifadə olunurdu. Hazırda isə 20, 30, hətta 40 milyonluq transfer ödənişləri tamamilə adiləşib. Artıq yeniyetmə oyunçular üçün bu məbləğlər verilir, özünü təsdiqləmiş ulduz oyunçuların dəyəri isə 90-100 milyonlarla ifadə olunur. Bir qrup mütəxəssis müasir futbol sənayesində oyunçuların qiymətinin süni şəkildə şişirdildiyini düşünür. Bəziləri isə gəlirlərin artması, bu sahəyə maliyyə axınının çoxalması ilə inflyasiya yarandığı fikrindədir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Reallıq odur ki, həqiqətən, futbol sənayesində artıq milyardlıq anlaşmalar hökm sürür. Nə vaxtsa Zinəddin Zidan üçün 77 milyon avro ödənilirdisə və bu, rekord idisə, müasir futbolda Harri Maquayr üçün daha artığı xərclənir. 15 il əvvəl Kriştianu Ronaldu, Qaret Beyl kimi oyunçulara xərclənən məbləğdən daha artığı sonradan Pol Poqba, Cek Qriliş, Filippe Koutinyo, Usman Dembele, hətta cəmi bir mövsüm Portuqaliya çempionatında özünü göstərən Joau Feliks üçün ödənilirdi.

2013-cü ildən bəri futbol sənayesi 116 faiz böyüyüb. İnkişaf daha böyük sürətlə davam edir. Turnirlər, oyunlar artır, maliyyə anlaşmaları çoxalır, gəlirlər yüksəlir və bu, transfer bazarına da təsirsiz ötüşmür. Klublar böyük keçidləri təkcə idman nəticələri yox, həm də marketinq strategiyaları üçün həyata keçirirlər.

Ərəb sərmayəsinin təsiri

Transfer bazarının "yanmasının" səbəblərindən biri də futbola ərəb sərmayəsinin axınıdır. Öncə onlar Avropa klublarına böyük maliyyə buraxdılar. "Mançester Siti", PSJ onların ən böyük layihələrindəndir. Təsadüfi deyil ki, futbol tarixinin ən bahalı iki transferi məhz Paris klubuna məxsusdur. PSJ 2017-ci ildə Neymar üçün "Barselona"ya 222 milyon avro ödəmişdi ki, bu, hələ də rekorddur. Sonradan onlar Kilian Mbappeni "Monako"dan 180 milyon avroya transfer etdilər.

Ərəblər son illərdə Avropa ilə yanaşı öz liqalarında da böyük pullar xərcləyirlər. Təkcə ötən yay Səudiyyə Ərəbistanı çempionatında transferlərə ümumilikdə bir milyard avroya yaxın vəsait xərclənib. Yarımadadan gələn sərfəli təkliflər futbolçulara və onların menecerlərinə Avropa klubları qarşısında daha ciddi maliyyə tələbləri ilə çıxış etmək imkanı verir. Bu da yekunda qiymət artımı ilə nəticələnir.

Maliyyə ilə bağlı feyr-pley qaydaları çarəsizdir

UEFA transfer bazarını nizamlamaq üçün 2013-cü ildən etibarən maliyyə feyr-pley qaydalarını tətbiq edir. Qısaca qeyd edək ki, burada əsas məqam klubların transferlərə gəlirlərdən daha çox xərcləməsinə icazə verilməməsidir. Lakin klublar futbolçu transferləri zamanı ümumi məbləği bir neçə ilə bölərək kredit formasında rəsmiləşdirməklə xərcləri tənzimləmək imkanına sahib olurlar. Eyni zamanda, himayəçilərdən gələn birdəfəlik vəsaitlər hesabına yüksək ödənişli transferlərin həyata keçirilməsinə hər hansı müdaxilə mexanizmi yoxdur. Beləliklə, UEFA-nın maliyyə tənzimləmələri effekt vermir. Meyarların pozulmasına görə sərt cəzalar nəzərdə tutulsa da, böyük klublar bunlardan yayınmaqda çətinlik çəkmirlər.

Mövcud vəziyyət

Bu yay da kifayət qədər ciddi keçidlər baş tutub. Ən böyüyü Kilian Mbappenin "Real Madrid"ə transferidir. Lakin bu keçid "kral klubu"na pulsuz başa gəlib. Hətta Mbappe üçün böyük məbləğ ödənilsəydi belə, qəribə qarşılanmayacaqdı. Çünki o, artıq özünü kifayət qədər təsdiqləməyi bacarıb. Ancaq "Mançester Yunayted"in Leni Yoro üçün 62 milyon avro ödəməsi qəribə görünür. Çünki mərkəz müdafiəçisinin cəmi 18 yaşı var və onun hələ özünü təsdiqləməsi lazımdır.

Ümumiyyətlə, İngiltərə klubları transfer bazarının bu qədər "alovlanmasında" böyük pay sahibləridir. Məsələn, "Dumanlı Albion"un ortabablarından "Aston Villa" Amadu Onana üçün 60 milyon avro, Yan Matsenə görə 42 milyon avro xərcləyib ki, bu məbləği İtaliya, Almaniya, Fransa kimi ölkələrdə heç çempionluq iddiasında olan klublar xərcləmirlər. Hətta Çempionşipdən Premyer Liqaya yüksələn klublar belə ilk mövsümdə transferlərə böyük pullar xərcləmək imkanlarına malikdirlər. Bu yay da yüksək ödənişli keçidlərin böyük əksəriyyəti ingilislərin adı ilə bağlıdır. Pəncərənin sonuna yaxın yenidən fantastik ödənişlərin olacağı istisna edilmir.

Top
0.072824001312256