Böyük Britaniyanın şimal-qərbində yerləşən Sautport şəhərində baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanının 39 əməkdaşı xəsarət alıb.
Kriminal.Az-ın TASS-a istinad etdiyi məlumata görə, bu barədə regional tibbi hökumət orqanlarından xəbər verilib.
Bildirilib ki, iğtişaşlar naməlum şəxsin rəqs dərsi zamanı uşaqlara hücum etməsindən sonra başlayıb.
"Ümumilikdə biz 39 xəstəyə yardım göstərdik, onların hamısı polis əməkdaşlarıdır. Onlardan 27 nəfəri xəstəxanaya yerləşdirilib, 12 nəfərə yerində yardım göstərilib", - deyə məlumatda bildirilir.
Mersisayd qraflığının polis idarəsi səkkiz polis əməkdaşının sınıqlar və beyin silkələnməsi də daxil olmaqla ciddi xəsarətlər aldığını əlavə edib.
İngiltərədə uşaqların vəhşicəsinə qətlindən sonra iğtişaşlar: Onlarla polis yaralanıb
Əsasən ifrat sağçı "English Defence League" təşkilatının tərəfdarları olan yüzlərlə iğtişaşçı yerli məscidə daş atıb, ərzaq mağazalarına ziyan vurublar, həmçinin polis furqonu yandırılıb, asayiş keşikçilərinə butulkalar və petardalarla hücumlar olub.
Qeyd edək ki, iyulun 29-da 17 yaşlı uelsli yeniyetmə uşaqların amerikalı pop müğənni Teylor Sviftin rəqsləri mövzusunda qrup məşğələsi zamanı qırğın törədib. Hücum nəticəsində altı, yeddi və doqquz yaşlı üç qız uşağı həlak olub. Daha səkkiz uşaq yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır. Bundan əlavə, yoqa müəllimi və məşğələlərin keçirildiyi binanın işçisi ciddi xəsarət alıblar.
Hücumçu saxlanılıb. Yerli medianın məlumatına görə, şübhəlinin ailəsi Ruandadakı soyqırımından qaçaraq Böyük Britaniyaya gəlib.