Çinli badmintonçu Huan Yatsyun Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında qalib gəldikdən sonra evlilik təklifi alıb.
Kriminal.Az "Championat"a istinadən xəbər verir ki, Yatsyun Çjen Sıvey ilə birlikdə Olimpiya çempionu olub. Qarışıq cütlüklərin finalında onlar Cənubi Koreyadan olan dueti məğlub ediblər.
Medallar təqdim edildikdən sonra onun sevgilisi Li Yuyçen Huan Yatsyuna yaxınlaşaraq minlərlə insanın qarşısında ona evlilik təklifi edib. İdmançı "bəli" deyərək, onun evlilik təklifini qəbul edib.
Qeyd edək ki, Yuyçen də həmçinin Paris Olimpiadasında iştirak edib. O, kişilər arasında cütlükdə çıxış edib və yarışın pley-off mərhələsinə keçə bilməyib. Çinli Tokio-2020 Oyunlarının gümüş mükafatçısıdır.
Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.