kriminal.az
Afrikada

Avqustun 1-də Türkiyənin vasitəçiliyi ilə Ankarada ABŞ və Rusiya arasında soyuq müharibə dövründən bu yana tarixin ən böyük əsir mübadiləsi baş tutdu. Türkiyə diplomatiyası indi də Somali və Efiopiya arasında təxminən 100 il davam edən münaqişənin həllinə yaxındır. Belə ki, avqustun 12-də Türkiyənin vasitəçiliyi ilə tərəflər arasında Ankara prosesinin ikinci mərhələsi reallaşıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, prosesi uğurla başa çatdırmaq ümidi ilə danışıqların üçüncü raundu sentyabrın 17-də yenidən Ankarada baş tutacaq. Xatırladaq ki, Efiopiya və Somali nümayəndə heyətlərinin Ankarada ilk görüşü iyulun 1-də xarici əlaqələr idarələrinin rəhbərləri səviyyəsində reallaşıb.

Qeyd edək ki, Somali ilə Efiopiya arasındakı ziddiyyətin kökündə ərazi mübahisəsi dayanır. Belə ki, 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə 1977-ci ildə özünün ən yüksək mərhələsinə qədəm qoyub və bundan sonra iki ölkə arasındakı münasibətlər bu günə qədər gərgin olaraq qalıb. Son olaraq bu ilin 1 yanvarında dənizə çıxışı olmayan Efiopiyanın hakimiyyət orqanları Qırmızı dənizdəki limanlardan istifadəni təmin etmək üçün tanınmamış "Somalilend" qurumunun nümayəndələri ilə saziş imzalamaq qərarı alıblar. Sazişin mətninə əsasən, Efiopiya limanlardan istifadə qarşılığında Somalidən ayrıldığını elan edən "Somalilend"in müstəqilliyini tanımaqla bağlı öhdəlik götürüb. Buna cavab olaraq, Somali hökuməti səfirini Efiopiyadan geri çağırıb.

Türkiyənin regional münaqişə kontekstində daha bir barışdırıcı rolu Fələstin-İsrail münaqişəsi ilə bağlıdır. Belə ki, Qətərin paytaxtı Dohada Qəzzada davamlı atəşkəs üçün yekun sayıla biləcək danışıqların aparılması nəzərdə tutulur. Burada əsas missiya yenə də rəsmi Ankaranın üzərinə düşüb. Çünki İslam Müqavimət Hərəkatını (HAMAS) müzakirə tərəfi kimi tanıtmaq istəyən məhz Türkiyə olub ki, Ərdoğan hakimiyyəti buna da müvəffəq oldu. Əbəs deyil ki, analitiklər də Türkiyənin bu uğurlu addımlarını onun yeni dünya nizamına verdiyi töhfə kimi dəyərləndirirlər.

Kriminal.Az-ın mövzu ilə əlaqədar suallarını cavablandıran Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay bildirib ki, Somali-Efiopiya danışıqlarının nəticəsi və bunun mümkün regional təsirləri Türkiyə baxımından ayrıca qiymətləndirilməlidir:

- Əslində, Somali-Efiopiya rəhbərlikləri danışıqların növbəti mərhələsini bu ilin 17 sentyabrında Ankarada davam etdirməyə razılaşıblar. Görüşdən sonra verilən açıqlamalara nəzər salanda da görünür ki, Efiopiya prosesi daha yavaş aparmaq istəyir. Çünki 2024-cü ilin noyabrında "Somalilend" bölgəsində prezident seçkisinin keçirilməsi nəzərdə tutulur. Hazırkı lider Muse Bihinin seçkidə hakimiyyətdə qalıb-qalmayacağı və hazırda onun ən güclü rəqibi kimi görünən Vaddani Partiyasının lideri Abdirahman İrronun seçkidə hansı nəticəni əldə edəcəyi Somali-Efiopiya arasında nəzərdə tutulan anlaşma memorandumunun nəticəsini müəyyən edəcək. Ona görə də danışıqların ən azı altı ay davam edəcəyi ilə bağlı ehtimallar daha yüksəkdir. Bununla belə, xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə sentyabrın 17-də Ankarada keçiriləcək danışıqların növbəti raundunun nəticələrinin hadisələrin gedişinə təsirsiz ötüşməyəcəyi də şübhə doğurmur.

- Ankarada ABŞ və Rusiya arasında məhbus mübadiləsindən sonra Türkiyənin bu görüşə də ev sahibliyi etməsini necə dəyərləndirmək olar? Çünki Somali və Efiopiya da bundan əvvəl Keniyanın paytaxtı Nayrobidə danışıqlar aparıb, lakin böhran aradan qaldırılmadığı üçün hər iki ölkə Türkiyənin vasitəçiliyini qəbul edib. Niyə məhz Türkiyə?

- Çünki Türkiyə regional və qlobal miqyasda sülh və sabitliyə töhfə verən bir aktor kimi özünü təsdiqləyib və bu proseslərdə onun yardımçı rolu çox vacibdir. Ankara son dövrdə Afrika Buynuzunda (Afrika materikinin şərqində yarımada, onun ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir - red.) artan təsiri ilə bir çox maraqlı tərəflərlə qarşılıqlı əlaqə qurma qabiliyyətinə malik olub. Ona görə də Türkiyənin bölgədə sülh və sabitliyə töhfə verməsi onun həmin region ölkələri arasında etibarını bundan sonra daha da artıracaq.

- Afrika Birliyi bu münaqişəli vəziyyəti niyə həll edə bilmədi?

- Afrika Birliyi Efiopiya ilə Somali arasındakı problemin həllində fəal rol alaraq münaqişənin həllinə öz töhfəsini vermək istəyirdi. Hətta buna görə Nigeriyanın keçmiş prezidenti Olusegun Obasanjo Afrika Buynuzu üçün xüsusi nümayəndə təyin edildi. Lakin münasibətlərin normallaşması üçün nə qədər cəhdlər edilsə də, Obasanjonun səyləri tərəflər arasında istənilən effekti vermədi və bu istiqamətdə atılan addımlar məhdudlaşdı. Çünki tərəflər Türkiyənin vasitəçiliyinə qədər problemin eyni mühitdə həll edilməsinin tərəfdarı deyildilər. Buna baxmayaraq, Afrika Birliyi problemi həll etmək üçün dialoq çağırışlarını yenə də davam etdirir.

- Bəs digər region ölkələri arasındakı problemlərin bu münaqişənin davamlı qalmasına təsiri nə qədərdir?

- Şimali və Şərqi Afrika kontekstində yaşanan problemlərin də bu mövzuya təsir etdiyi görünür. Şimali Afrikanın üç ölkəsi - Misir, Efiopiya və Sudan arasında uzun müddətdir mübahisə obyekti olan "Böyük Efiopiya Dirçəliş Bəndi"nin regionda münaqişə astanasına çatması da buna nümunədir. Hətta məsələyə daha dərindən yanaşsaq, Misirin Cənubi Sudana hərbi dəstəyi Efiopiyanın mövqeyini zəiflətmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər.

Bununla belə, Efiopiyanın Cənubi Sudanla 2024-cü il iyulun 6-da yeni neft kəmərinin inşası, iqtisadi əməkdaşlığın və sərhəd təhlükəsizliyinin artırılması üçün imzaladığı müqavilə Efiopiyanın Misirin bu addımına cavab həmləsi kimi qiymətləndirilməlidir. Əslində, bu razılaşma ilə Cənubi Sudanın neft boru kəməri vasitəsilə alternativ neft nəqli infrastrukturunu inkişaf etdirmək, bununla da ticarətini artırmaq üçün Cənubi Sudandakı Yuxarı Nil əyalətini Efiopiyanın Qambella bölgəsinə birləşdirən və Efiopiyadan Cibuti limanına çatan avtomobil yolunun çəkilməsi ehtimal olunur.

Eyni zamanda, bu prosesdə Sudandakı vətəndaş müharibəsinin aktorlarından biri olan Sürətli Dəstək Qüvvələrinə dəstək verdiyi BMT tərəfindən də vurğulanan Birləşmiş Ərəb Əmirliklərinin prosesə təsiri də diqqətdən qaçmamalıdır. Çünki BƏƏ həm Sudandakı münaqişələrdə, həm də Somalidəki Berbera limanı vasitəsilə "Somalilend" ilə münasibətlərində özünəməxsus aktor kimi seçilir. Bundan əlavə, Sudanın Nil suları kontekstində Misirlə bağlı dərin narahatlığı var. Eləcə də, Efiopiya Baş naziri Abiy Əhmədin 9 iyul 2024-cü ildə Sudandakı əl-Burhan səfəri də mühüm regional əhəmiyyətə malikdir. Çünki Cənubi Sudan 2011-ci ildə Sudandan ayrılandan sonra öz neftini dünya bazarına çıxarmaq üçün istifadə etdiyi infrastruktur və neft emalı zavodları baxımından yenə də Sudandan asılıdır. Bir sözlə, iki ölkə iqtisadi cəhətdən bir-birindən asılı vəziyyətdədir. Digər tərəfdən, Sudanın Cənubi Sudanla sərhəddə yerləşən Abyei bölgəsi də daimi mübahisə obyektidir. Ona görə də bu regionda qeyri-sabitlik hər iki ölkəyə mənfi təsir göstərir. Hətta vəziyyətin bu həddə çatması qarşıdurmada Somalini dəstəkləyən Cibutini ABŞ, Çin və Fransa başda olmaqla bir çox xarici ölkənin hərbi bazalarının ev sahibinə çevirib.

- Deməli, bütün bunların fonunda Türkiyənin regional münaqişələrdəki vasitəçilik missiyası onu həm də geosiyasi oyunçuya çevirir?

- Elədir. Çünki bütün bu proseslər nəticəsində ortaya çıxan su bölgüsü problemi, enerji təhlükəsizliyi, iqtisadi maraqlar və siyasi ittifaqların mürəkkəbliyi regionda kifayət qədər qarışıq dinamikanı ortaya qoyur. Ona görə də Türkiyənin regional böhran, münaqişələrin həlli və sabitliyin təmin edilməsi istiqamətində göstərdiyi səylər region ölkələrinin gələcək rifahına müsbət təsir göstərir və Ankaranın da nəinki regional, həm də qlobal miqyasda potensial güc imkanlarını artırır.

Mərahim Nəsib

Top
0.25943207740784