Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, paytaxt sakini olan 88 yaşlı bir qadın polisə müraciət edərək naməlum bir şəxsin ona zəng etdiyini, qızının qəzaya düşdüyünü, naməlum şəxslərə 15 min manat məbləğində pul verdiyini bildirib.
Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməli törədən 2004-cü il təvəllüdlü Ləman Akimova müəyyən edilərək saxlanılıb. Onun mənzilindən zərərçəkən şəxsdən əldə etdiyi 8400 manat maddi sübut aşkar edilərək götürülüb.
L.Akimova, "Telegram" sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti araşdırılan naməlum şəxsin ona göndərdiyi ünvana yollanaraq qeyd edilən cinayət əməlini törətdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb