Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Cənubi Asiya ölkəsinin Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Mərhum yüksəkrütbəli şəxsə ehtiram əlaməti olaraq 2025-ci il yanvarın 1-dək bütün Hindistanda 7 günlük milli matəm tətbiq olunacaq. Bu müddət ərzində bütün Hindistanda dövlət bayrağı yarıya endiriləcək və heç bir rəsmi əyləncə tədbiri keçirilməyəcək", - deyə nazirlikdən bildirilib.
Hakimiyyət qurumları, həmçinin dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə də qərar verib. Mərasimin dekabrın 28-də baş tutacağı gözlənilir.
"Dəfn günü Hindistanın xaricdəki bütün səfirliklərində də milli bayraq yarıya endiriləcək", - deyə məlumatda qeyd edilib.
92 yaşında olan Manmohan Sinqh huşsuz vəziyyətdə evindən aparıldığı təcili yardım otağında dekabrın 26-da vəfat edib. Həkimlərin qeyd etdiyi kimi, Sinqh yaşlı insanlara xas olan bir sıra xəstəliklərdən əziyyət çəkib. Həkimlərin bütün səylərinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb.
Manmohan Sinqh Hindistanın ən qədim siyasi partiyası olan "Hindistan Milli Konqresi"nin üzvü olub. O, ardıcıl iki müddət - 2004-cü ildən 2014-cü ilin mayına qədər baş nazir vəzifəsini icra edib.