Londonda qeyri-qanuni miqrasiyaya qarşı keçiriın "Krallığı birləşdirin" adlı aksiyada iştirak edən on minlərlə etirazçı polislə toqquşub.
Kriminal.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar Londonun mərkəzində başlayıb.
"İzdiham iki etirazı ayırmaq üçün Uaytholda yaradılmış neytral zonaya daxil olmağa cəhd edib. Polis əməkdaşlarına müxtəlif əşyalar atılıb, buna qarşılıq olaraq onlar güc tətbiq etməyə məcbur olublar", - məlumatda bildirilir.
Qeyd edək ki, nümayiş sağçı "İngilis Müdafiə Liqası" təşkilatının yaradıcısı, tanınmış fəal və miqrantların əleyhdarı Tommi Robinsonun təşkilatçılığı ilə keçirilir.
Məlumata görə, aksiya iştirakçılarının sayı artıq 110 minə çatıb. Günortaya yaxın onlar Temza çayının cənubunda toplanıblar və daha sonra Britaniya Parlamentinin oturduğu Vestminster Sarayına doğru yürüşə başlayıblar.
Etirazçılar Böyük Britaniyanın Baş naziri Kir Starmerə qarşı şüarlar səsləndiriblər.
Londonda asayişi qorumaq üçün 1600-dən çox zabit yerləşdirilib.
Nümayişlər London yaxınlığındakı Epping şəhərindəki oteldə qalan 38 yaşlı efiopiyalı qaçqının 14 yaşlı qıza cinsi təcavüzdə ittiham olunmasından sonra başlayıb. Hökumət 2029-cu ilə qədər miqrantların otellərdə yerləşdirilməsini dayandıracağına söz verib.