Paytaxtın Mərdəkan qəsəbəsi ərazisində Mərdəkanlı Amin kimi tanınan Amin Xudaverdiyevi qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçilib.
Kriminal.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müttəhimin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Məhkəmənin ilk baxış iclası yanvarın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin avqustun 7-də saat 20:00-da Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Amin Cabbar oğlu Xudaverdiyevin qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Amin Xudaverdiyev kriminal aləmdə Rövşən Lənkəranskinin yaxını kimi tanınıb. Onu da qeyd edək ki, bir müddət əvvəl Amin Xudaverdiyevin qardaşı Pərviz Xudaverdiyev Ruhulla Abdullazadənin atası, iş adamı Cavanşir Abdullayevi Şağan qəsəbəsində yaşadığı evin yaxınlığında odlu silahla qətlə yetirib. Pərviz Xudaverdiyevin cinayət işinin məhkəmə istintaqı da hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.