kriminal.az
Niyə insanlar bütün dünyada mühüm qərarları təkbaşına qəbul edirlər? - ARAŞDIRMA

Kanadanın Vaterloo Universitetindən olan alimlər meqapolislərdə yaşayanlardan tutmuş Amazon cəngəlliklərindəki kiçik yerli icmalara qədər 3 500-dən çox insanı əhatə edən genişmiqyaslı bir tədqiqat aparıblar. Məqsəd müxtəlif mədəniyyətlərdən olan insanların necə qərar qəbul etdiyini öyrənmək idi. Bu, qərar qəbuletmədə üslub üstünlüklərinin mədəniyyətlərarası kəsimdə öyrənilməsi üzrə indiyə qədər aparılmış ən geniş araşdırmadır.

Kriminal.az xəbər verir ki, tədqiqatın nəticələri Pitsburq Universitetindən Eduar Maşerinin rəhbərlik etdiyi "Geography of Philosophy" layihəsi çərçivəsində "Proceedings of the Royal Society B: Biological Sciences" jurnalında dərc olunub.

Alimlərin aşkar etdiyinə görə, yüksək qarşılıqlı asılılıq səviyyəsinə malik cəmiyyətlərdə belə, insanların çoxu ətrafdakıların məsləhətlərindən asılı olmayaraq öz fikirlərinə arxalanmağı üstün tutur.

Müəlliflərin sözlərinə görə, bu nəticə mədəniyyətlərarası anlaşılmazlıqları izah etməyə kömək edir və göstərir ki, hamımız eyni daxili tərəddüdlərlə üzləşirik.

“Əksərimizin instinktiv olaraq təkbaşına hərəkət etdiyini dərk etmək, niyə tez-tez sağlamlıq və ya maliyyə ilə bağlı dəyərli məsləhətləri, hətta bu məsləhətlərin qərarlarımızı daha məntiqli edə biləcəyi sübuta yetirilsə belə qulaqardına vurduğumuzu anlamağa kömək edir.

Bu biliklər komandada işi daha yaxşı qurmağa imkan verəcək: əməkdaşlara, rədd edə biləcəkləri məsləhətləri eşitmədən öncə, fərdi düşünmələri üçün vaxt vermək lazımdır", - deyə Vaterloo Universitetinin psixologiya professoru və tədqiqatın birinci müəllifi İqor Qrossman bildirib.

Tədqiqat Qərb insanlarının müstəqil, digərlərinin isə başqalarına güvəndiyi barədə stereotipi təkzib edir. Sorğuda iştirak edən bütün ölkələrdə intuisiya və özünü təhlil dostların məsləhətindən və ya kütləvi mənbələrdən daha vacib sayılıb. Yeganə fərq bu meylin ifadə dərəcəsində olub: daha müstəqil mədəniyyətlərdə “daxili səs” daha ucadan səslənir, daha qarşılıqlı asılı mədəniyyətlərdə isə daha zəifdir.

“Əsas nəticə: hamımız əvvəlcə özümüzə qulaq asırıq, amma ən müdrik qərarlar şəxsi nəticələrimizi başqaları ilə bölüşdüyümüz zaman yaranır”, - deyə Qrossman əlavə edib.

Həmidə İbrahimova

Top
0.05971097946167