kriminal.az
Keçmiş məcburi köçkün:

"İşğaldan azad edilən hər bir qarış torpağımız bizim üçün doğmadır, müqəddəsdir".

Bunu Kriminal.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Elmira Aslanxanlı deyib.

O bildirib ki, doğma torpağa qayıtmaq hər bir məcburi köçkünün arzusudur:

"Bu gün doğma yurdumuza köçürük. Artıq məcburi köçkün həyatımızla sağollaşırıq.

Cəbrayıldan çıxanda ömrümün ən gözəl, ən təravətli vaxtları idi - 38 yaşım var idi. 30 illik köçkün həyatı yaşadıq. Mən, demək olar, bu gecə həyəcandan yatmamışam. Dörd şeir yazmışam səhərə kimi. Bir neçə kitabın müəllifiyəm, 44 günlük müharibəyə - Zəfərə həsr etdiyim kitabım da işıq üzü görüb.

Bizim gecəmiz də, gündüzümüz də ancaq Qarabağ olub.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 39 ailə (165 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Rövşən Əsədov

Top
0.041762113571167