"Bir sərhədçi anası olaraq, işğaldan azad edilən torpaqlarımıza - doğma Cəbrayılımıza qayıtmaq mənimçün, hər birimiz üçün çox qürurvericidir".
Bunu Kriminal.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Sevinc Bayram qızı Hüseynova deyib.
O bildirib ki, bu gün Cəbrayıl şəhərinə övladları - ailəsi ilə qayıdır:
"Oğlum Dövlət Sərhəd Xidmətində (DSX) xidmətçidir. Dövlətimizin, onun sərhədlərinin, hər qarış torpağının keşiyində dayanan əsgərlərimizə minnətdarıq ki, bizə bu hissləri yaşatdılar. Mən də əsgər anası kimi qürur duyuram.
Ölkə başçısı daim bizi diqqətdə saxlayıb. İstər mənzil-məişət səviyyəmizin yaxşılaşdırılması, istər müavinətlərin verilməsi, kommunal xidmətlərdən azad edilməsi, övladlarımızın təhsil haqqından azad edilməsi istiqamətində hər cür addım atılıb.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 39 ailə (165 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov