Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ABŞ Prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri İlon Maska USAID-lə əlaqədar müraciət ünvanlayıblar.
Kriminal.Az "Report"a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli səsləndirib.
Müraciətin mətnində deyilir:
"Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq, USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdiyiniz qətiyyətə, güclü iradəyə görə sizə dərin təşəkkürümüzü ifadə edirik.
Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-nin bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.
İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.
Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz.
600-dən çox üzv QHT-yə malik təşkilat kimi, Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının deşifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik".